1 həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.
“Xəbərsiz” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi mayın 18-i Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.
Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.





