İqtisadçı ekspert Eldəniz Əmirov qızılın qiymətinin bahalaşmasının səbəblərini açıqlayıb.
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan ekspert bildirib ki, Trampın əvvəlki prezidentlik dönəmində də sona qədər qızılın qiymətində artımın olması onu deməyə əsas verir ki, biz 2028-ci ilə qədər davamlı olaraq qızılın qiymətində artımları müşahidə edəcəyik.
“Qızılın qiymətinin artmasının iki səbəbi var: Birinci səbəb ənənəvi səbəbdir ki, bu da dünya bazarlarında qlobal investisiya mühiti üçün risklər olduğu, qlobal geosiyasətdə vəziyyət qarışıq olduğu zaman investorlar yön müəyyən etməkdə çətinlik çəkirlər və bu zaman qızıl ən etibarlı investisiya aləti olaraq çıxış edir”, – deyə o, əlavə edib.
Ekspert vurğulayıb ki, ikinci və artımı daha çox sürətləndirən səbəb isə Vaşinqton administrasiyasının hazırda dolların ucuzlaşması ilə bağlı apardığı siyasətdir. Çünki dolların ucuzlaşması nəticə hesabı ilə qızılın bahalaşmasına gətirib çıxarır. Çünki onlar biri-birinə tərs mütənasib istiqamətdə bağlı maliyyə alətləridir. Nəticə etibarı ilə dolların ucuzlaşması ABŞ sahibkarları üçün ixracı stimullaşdıran çox gözəl mühitin yaranmasına xidmət edir. Bu mühit eyni zamanda qızılın qiymətini davamlı olaraq artıracaq.
Ziyafət Əlisoy
