Metro və avtobusdan istifadə edən əhalinin əksər hissəsi aztəminatlı ailələrdir.
Bu sözləri nəqliyyat eksperti İlqar Hüseynov “Xəbərsiz”ə açıqlamasında deyib.
Ekspert bildirib ki, məsələyə qiymətin 10 qəpik artırılması kontekstindən yox, qiymətin 60 qəpik olması kontekstindən yanaşsaq, təbii ki, aztəminatlı ailələr üçün bu kifayət qədər böyük məbləğ olacaq:
“Təsəvvür edək ki, əgər bir azatəminatlı ailənin üzvlərindən 2-si orta məktəb şagirdidirsə və biz bura valideynləri də daxil etsək, bu iki nəfər valideyin gün ərzində iki gediş etsələr, hər biri bir gediş bir qayıdışa 1 manat 20 qəpik xərcləsə və bu gedişlərin sayının artıq olduğunu nəzərə alsaq, bu, aztəminatlı ailə üçün kifayət qədər böyük rəqəm edəcək”.
Ekspert məktəblilərə “sosial güzəşt” paketinin təklif edilməsininin uğurlu qərar olacağını düşünür:
“Biz qiyməti qaldırarkən ən azı aztəminatlı ailələr üçün, sosial ehtiyacları aşağı səviyyədə olan insanlar üçün, tələbələr üçün, orta məktəb şagirdləri üçün ən azından bir az aşağı qiymətlərlə limitsiz kartlar təqdim etməliyik. Bu kartlar dünya praktikasında çox geniş istifadə edilir. Ən inkişaf etmiş, əhalinin sosial durumu ən yüksək səviyyədə olan ölkələrdə bu üsul tətbiq olunur.
“Bu qiymət artımı taksi xidmətlərinə ciddi təsir göstərməməlidir. Buna görə də taksi sürücüləri fürsətcillik edib qiymətləri artırmamalıdırlar”, – deyə İlqar Hüseynov əlavə edib.
Ziyafət Əlisoy
