Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində bir azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.
“Xəbərsiz” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
Əli Əhmədov qeyd edib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 – 1,6 milyon uşaq təhsil alırdısa, bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq.
Vitse-spiker vurğulayıb ki, bu, 50 minə yaxın müəllimin ixtisar riskləri yaradır:
“Bir neçə on ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcəkdir ki, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə Əli müəllimin başçılığı ilə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılmış olacaqdır”.


















