XXI əsrin beynəlxalq münasibətlər sistemi artıq birqütblü modelin sərhədlərini aşaraq çoxqütblü dünya nizamına keçid mərhələsindədir.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputatın sözlərinə görə, Qərb mərkəzli qlobal sistemin dayaqlarının zəiflədiyi, iqtisadi və texnoloji güc mərkəzlərinin Şərqə doğru yönəldiyi bu dövrdə Rusiya ilə Çin arasında artan əməkdaşlıq xüsusi diqqət doğurur. İki ölkənin imzaladığı çoxsaylı iqtisadi, enerji və maliyyə müqavilələri yalnız regional maraqları deyil, həm də beynəlxalq güc balansını yenidən formalaşdıran strateji tendensiyanı əks etdirir.
“Rusiya ilə Çin arasında münasibətlərin intensivləşməsi təkcə diplomatik jestlər və ya müvəqqəti siyasi maraqlar üzərində qurulmayıb. Bu münasibətlərin arxasında qarşılıqlı asılılıq, uzunmüddətli iqtisadi məqsədlər və Qərb hegemoniyasına qarşı ortaq mövqe dayanır”, – deyə plenari əlavə edib.
O, qeyd edir ki, hazırda iki ölkə arasında illik ticarət dövriyyəsi 240 milyard ABŞ dollarını ötüb. Çin Rusiyanın enerji daşıyıcılarının əsas alıcısına çevrilib, bu isə Moskva üçün sanksiyaların təsirini minimuma endirmək imkanı yaradır. Pekin isə öz növbəsində Rusiyanı enerji təhlükəsizliyinin təminatçısı, həm də Qərbin təzyiqlərinə qarşı siyasi tərəfdaş kimi görür.
“Ticarət və enerji əməkdaşlığından əlavə, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində nəqliyyat, logistika və texnoloji sahələrdə də ciddi inteqrasiya müşahidə olunur. Avrasiya məkanında formalaşan bu yeni iqtisadi şəbəkə tədricən Qərb bazarlarından və maliyyə mexanizmlərindən daha az asılı iqtisadi modelin əsasını qoyur”, – deputat bildirib.
Rusiya-Çin yaxınlaşması Vaşinqton üçün açıq şəkildə strateji mesaj xarakteri daşıyır. Bu mesaj bir neçə istiqamətdə təhlil oluna bilər:
“Birincisi, bu əməkdaşlıq ABŞ-yə göstərir ki, onun tətbiq etdiyi sanksiya və təcrid siyasəti Rusiyanı zəiflətmək əvəzinə, onu yeni tərəfdaşlara daha çox bağlayır. Moskva üçün Çin təkcə iqtisadi bazar deyil, həm də beynəlxalq arenada siyasi legitimlik mənbəyidir.
Digər tərəfdən, Rusiya və Çin milli valyutalarla ticarət mexanizmini genişləndirərək ABŞ dollarının hegemon mövqeyinə alternativ yaradır. Bu, təkcə iqtisadi deyil, həm də maliyyə-geosiyasi müstəvidə Vaşinqtonun qlobal təsir imkanlarına zərbədir. BRICS çərçivəsində vahid ödəniş sistemlərinin yaradılması, enerji müqavilələrinin yuan və rubl ilə bağlanması bu istiqamətdə konkret addımlardır.
Bununla yanaşı, Rusiya və Çin hərbi-siyasi təhlükəsizlik məsələlərində də əməkdaşlığı dərinləşdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən birgə təlimlər, Arktika və Asiya-Sakit okean hövzəsində ortaq maraqların qorunması ABŞ-nin regional dominantlığını balanslaşdırmağa yönəlib”.
Elçin Mirzəbəylinin sözlərinə görə, bu proseslər fonunda dünya siyasətində “yeni soyuq müharibə” anlayışı yenidən gündəmə gəlir. Lakin bu dəfə qarşıdurma ideoloji deyil, daha çox iqtisadi və texnoloji xarakter daşıyır. ABŞ həm Avropada, həm də Asiyada rəqibləri ilə eyni anda rəqabət aparmaq məcburiyyətində qalır ki, bu da onun strateji resurslarını bölür.
“Avropa İttifaqı da çətin seçim qarşısındadır: bir tərəfdən təhlükəsizlik baxımından ABŞ-nin müttəfiqidir, digər tərəfdən isə iqtisadi cəhətdən Çinə ciddi şəkildə inteqrasiya olunub. Rusiya ilə Çin arasında artan əməkdaşlıq Avropanın da enerji və ticarət siyasətinə dolayısı ilə təsir göstərir”, – o, vurğulayıb.
Deputatın fikrincə, Rusiya ilə Çin arasında artan təmaslar və iqtisadi razılaşmalar, ola bilsin ki, sadəcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, qlobal güc balansında yeni mərhələnin başlanğıcıdır. Bu proses onu düşünməyə əsas verir ki, artıq beynəlxalq münasibətlər birqütblü deyil və Qərbin təsir alətləri əvvəlki kimi həlledici əhəmiyyət kəsb etmir.
“Dünya yeni güc arxitekturası qurur. Burada dominantlıq deyil, qarşılıqlı asılılıq, hegemonluq deyil, strateji tərəfdaşlıq əsas meyara çevrilir. Rusiya-Çin tandemi bu yeni nizamın mühüm dayaqlarından birinə çevrilə bilər və bu, həm də qlobal reallığın dəyişə biləcəyi ehtimalını gücləndirir”, – deyə plenari fikrini tamamlayıb.
Ziyafət Əlisoy

















