Son illər Azərbaycanda artıq çəki və piylənmə halları sürətlə artır. Bu isə təkcə müxtəlif xəstəliklərə deyil, həm də insanlar arasında psixoloji gərginliyə səbəbə olur.
“Xəbərsiz” xəbər verir ki, mütəxəssislər uzun illərdi problemin kökünü araşdırır. Məlum olub ki, sürətli kökəlmə təkcə qidalanma ilə bağlı deyil, bu məsələdə həyat tərzindəki dəyişikliklər də mühüm rol oynayır. Xüsusilə oturaq həyat tərzi, stress və yuxu rejiminin pozulması insanların daha tez kökəlməsinə səbəb olur.
Həkimlərin sözlərinə görə, ən böyük səbəblərdən biri fiziki aktivliyin azalmasıdır. Gün ərzində saatlarla kompüter və telefon qarşısında vaxt keçirmək maddələr mübadiləsini zəiflədir. Nəticədə orqanizm qəbul edilən kaloriləri daha yavaş yandırır və bu da çəki artımına gətirib çıxarır.
Digər mühüm faktor isə düzgün olmayan qidalanmadır. Fast-food, şəkərli içkilər və yüksək kalorili məhsullar gündəlik rasionda geniş yer tutur. Mütəxəssislərin fikrincə, insanlar çox vaxt aclıqdan deyil, vərdiş və ya stress səbəbilə qida qəbul edir.
Bundan əlavə, yuxu rejiminin pozulması da artıq çəkiyə təsir edən əsas amillərdəndir. Araşdırmalar göstərir ki, az yatan insanlarda iştahı artıran hormonlar daha aktiv olur. Bu isə gecə saatlarında əlavə qida qəbuluna və nəticədə kökəlməyə səbəb olur.

















