ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi 2027-ci maliyyə ili üçün milli təhlükəsizlik və Dövlət Departamentinin fəaliyyəti üzrə maliyyələşdirmə qanun layihəsini qəbul edib.
“Xəbərsiz” xəbər verir ki, sənəddə ABŞ-ın strateji maraqlarının irəlilədilməsi məqsədilə Cənubi Qafqaz ölkələrinə dəstəyin genişləndirilməsi nəzərdə tutulur.
Qanun layihəsinin mətninə əsasən, vəsait Cənubi Qafqaz ölkələrində regional sülhün, sabitliyin, inteqrasiyanın və qarşılıqlı bağlantıların gücləndirilməsinə, həmçinin ikitərəfli strateji tərəfdaşlıqların inkişafına yönəldiləcək.
Sənəddə Ermənistana xüsusi diqqət ayrılıb. Komitə 2026-cı maliyyə ili ilə müqayisədə Ermənistan üçün “Beynəlxalq hərbi təhsil və hazırlıq” və “Xarici hərbi maliyyələşdirmə” proqramları üzrə maliyyələşmənin artırılmasını tövsiyə edib.
Qanun layihəsi, həmçinin ABŞ dövlət katibini sənəd qüvvəyə mindikdən sonra 90 gün ərzində Konqresə ətraflı hesabat təqdim etməyə məcbur edir.
Hesabatda “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” təşəbbüsü çərçivəsində vəsaitlərin bölgüsü və görülən tədbirlər barədə məlumat verilməlidir.
Sənəddə layihənin əsas tərəfdaşları, o cümlədən investorlar göstərilməli, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Ticarət və İnkişaf Agentliyi kimi federal qurumlarının infrastruktur və iqtisadi təşəbbüslərin həyata keçirilməsində rolu izah olunmalıdır.
Komitədə təsdiqləndikdən sonra qanun layihəsi Nümayəndələr Palatasında və Senatda ümumi səsverməyə çıxarılmalıdır. Daha sonra sənəd imzalanmaq üçün ABŞ Prezidentinə təqdim ediləcək.

















