Azərbaycanda taksi qiymətləri düşə bilər
Son aylarda Bakıda taksi xidmətlərində qiymət artımı müşahidə olunur. Xüsusilə son günlər bahalaşma daha da nəzərə çarpır. Sərnişinlər bildirirlər ki, əvvəl 3 manat civarında olan qısa məsafələr üçün gediş haqları indi 4-5 manatdan başlayır və daha yüksək məbləğlərə qədər artır.
Bəs taksi bazarında qiymətlərə nəzarət mexanizmi necə tənzimlənir? Qiymətlərin bu cür qalxması nə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Bakupost.az -a bildirib ki, Azərbaycanda taksi qiymətləri dövlət tərəfindən birbaşa müəyyən edilmir. Onun sözlərinə görə, tariflər rəqəmsal platformaların alqoritmləri əsasında formalaşır:
“Elektron sistem tələb və təklifə əsaslanır. Əgər sifarişlərin sayı çox, sürücülərin sayı azdırsa, qiymətlər artır. Əksinə, sifariş az, sürücü çox olduqda qiymətlər aşağı düşür. Məsələ təkcə hava şəraiti ilə bağlı deyil. Düzdür, pis hava şəraiti zamanı ictimai nəqliyyatdan istifadə azalır, taksiyə tələbat artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.
Eldəniz Əmirov vurğulayıb ki, burada daha dərin iqtisadi səbəblər mövcuddur:
“Birincisi, sürücülərin xərcləri artıb – yanacaq, ehtiyat hissələri, servis xərcləri, avtomobilin saxlanılması əvvəlki illərlə müqayisədə daha bahadır. İkincisi, mövcud qaydaların sərtləşdirilməsi – avtomobillərin texniki sazlıq vəziyyəti, yaş məhdudiyyətləri, rəsmiləşdirmə məsələləri kimi tələblər xidmət səviyyəsini artırmaq məqsədilə tətbiq olunur və bu da müəyyən qədər qiymət artımına təsir göstərir.
Üçüncü məsələ isə platformaların bazardakı roludur. Çünki bu gün qiymətlər artıq klassik taksi sürücüsü tərəfindən deyil, avtomatlaşdırılmış sistem tərəfindən müəyyən olunur. Bu proseslərdə dövlətin rolu daha çox rəqabəti qorumaqdan, bazarda inhisarlaşmanın qarşısını almaqdan, şəffaflığı təmin etməkdən və xidmət keyfiyyətinə nəzarətdən ibarət olmalıdır”.
E.Əmirov qeyd edib ki, taksi qiymətlərinin düşməsi üçün tariflərə birbaşa müdaxilə effektiv deyil, lakin beynəlxalq təcrübədə özünü doğrultmuş addımlar mövcuddur:
“Bunlara ictimai nəqliyyatın gücləndirilməsi, metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərdə alternativ nəqliyyat imkanlarının artırılması və ən əsası, sağlam rəqabət mühitinin yaradılması daxildir. Əks halda, Bakı kimi böyük şəhərlərdə bu amillər təmin olunmadıqda, taksi xidməti getdikcə daha bahalı və komfort xidmətinə çevrilir”.
Deputat, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, dövlət tərəfindən taksi xidmətləri ilə bağlı müəyyən tələblər müəyyənləşdirilib:
“Həmin tələblərin yerinə yetirilməsinə və bu tələblərə uyğun olaraq taksi xidmətinin göstərilməsinə profil dövlət qurumu nəzarət edir. Lakin digər özəl sahələrdə olduğu kimi, taksi xidmətlərində də tariflər şirkətlər və sürücülər tərəfindən sərbəst şəkildə formalaşdırılır. Eyni zamanda, qanunvericilikdə əsassız qiymət artımlarına qarşı mexanizmlər mövcuddur. Əgər xərclər artmadan qiymət artımı baş verirsə, bu, artıq monitorinq mövzusudur.
Xüsusilə nəzərə alsaq ki, yanacağın qiymətində dəyişiklik yoxdur, digər xərclərdə, o cümlədən tariflərdə artım baş verməyib, bütün bunların fonunda taksi xidmətlərində qiymətlərin artması iqtisadi baxımdan əsaslandırıla bilməz.
Ona görə də İqtisadiyyat Nazirliyi, eləcə də bu sahəyə nəzarət edən profil dövlət qurumu tərəfindən bu istiqamətdə monitorinqlərin və nəzarətin gücləndirilməsinə ehtiyac var ki, süni qiymət artımlarının qarşısı alınsın”.





