Belçikada həmkarlar ittifaqlarının hökumətə qarşı təzyiqləri və genişmiqyaslı tətil çağırışları, bu istiqamətdə atılan addımlar ölkədə baş verməkdə davam edən ciddi sosial-iqtisadi durumun artıq gərginliyə səbəb olmasının göstəricisidir.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi deyib.
O, bildirib ki, ölkənin belə bir vəziyyətə düşməsində, heç şübhəsiz ki, hökumətin yerində olmayan qərarları, həyata keçirilən siyasi, iqtisadi və sosial layihələri və digər səbəblər mühüm rol oynayır. Buraya xüsusi olaraq hökumətin pensiya sistemində apardığı dəyişiklikləri qeyd etmək olar. Pensiya yaşının qaldırılması və pensiya ilə bağlı digər məsələlər həmkarlar ittifaqları tərəfindən ciddi narazılıqla qarşılanıb. Onlar hesab edirlər ki, bu kimi islahatlardan əməkçilər ziyana düşəcəklər.
“Həmçinin hökumətin islahatlar paketində büdcəyə qənaət məqsədilə sosial xərclərin azaldılması ilə bağlı maddələr yer alıb. Səhiyyə və sosial xidmətlər bu maddələrin əsas hədəfləridir. İşsizliklə bağlı yardım paketlərinin məhdudlaşdırılması və uzunmüddətli xəstələrlə bağlı yeni qaydaların tətbiqi həmçinin xalq və hökumət arasında böyük böhrana səbəb olub. Bir çox dövlət müəssisələrində, xüsusilə də dəmir yolu işçilərinin işə qəbulu ilə bağlı 2028-ci ildən sonra qaydaların dəyişdirilməsi ciddi etirazlara yol açıb. Artıq bu işçilərin sabit dövlət qulluqçusu kimi deyil, müqavilə əsasında işə qəbul olunması nəzərdə tutulur”, – deyə o, əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Avropa Nəqliyyat İşçiləri Federasiyası tətil edən, işə çıxmayan belçikalı dəmiryolçulara dəstək verir və Belçika hökumətini ədalətli qərarlar qəbul etməyə çağırır. Hazırda ölkədə baş verənlər deməyə əsas verir ki, hökumət həmkarlar ittifaqları ilə ədalətli dialoq qurmağa nail olmalı və danışıqlar prosesinə ciddi önəm verməlidir.
“İslahatlar paketində yer alan, daha çox etirazlara səbəb olan bəndlərin yumşaldılması istiqamətində hökumətin addımlar atması qaçılmazdır. Bunlar həyata keçirildiyi təqdirdə etiraz dalğası səngiyə bilər. Əks halda ölkə üç günlük tətilin yaratdığı fəsadlar nəticəsində iflic vəziyyətinə düşə bilər və hökumətin siyasi, iqtisadi fəaliyyətində ciddi risklərin meydana çıxması mümkündür. Bu proses həmçinin ölkənin beynəlxalq imicinə də mənfi təsir göstərə bilər”, – o, bildirib.
Son məlumatlara görə artıq dialoq mexanizmi işə düşüb və tərəflər danışıqlara başlayıblar. Hökumət və ittifaqlar arasında kompromis əldə olunub. Tam geri çəkilmə olmasa da, müəyyən etmək olar ki, danışıqlar prosesi, müvəqqəti şəkildə olsa belə, öz əhəmiyyətini göstərir.
Xəbərsiz

















