Xəbər verdiyimiz kimi, Ermənistanın “Hraparak” qəzeti Vaşinqton razılaşması ilə bağlı həqiqətə uyğun olmayan material dərc edib.
Yazıda guya Azərbaycan prezidentinin “Zəngəzur dəhlizi” və Ermənistanın kapitulyasiyası ilə bağlı açıqlamalarının Ermənistanda narazılığa səbəb olması qeyd edilib.
Məqalədə bildirilib ki, Vaşinqton görüşündən sonra Mülki Müqavilə partiyasının elitası qəzəblənib.
O da əlavə olunub ki, məhz Vaşinqtonda sülh sazişi paraflanmayıb, əksinə Ermənistanla Azərbaycan arasında başqa bir sənəd imzalanıb.
Bəs, Ermənistanın yenidən bu cür təxribat xarakterli, həqiqəti əks etdirməyən açıqlamalar səsləndirməsinin səbəbi nədir? Onların mətbuatı niyə belə sərsəm və feyk informasiyalar dərc edir?
Məsələ ilə bağlı “Xəbərsiz”ə Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlama verib.
Deputatın fikrincə, Vaşinqtonda əldə edilmiş razılaşma Ermənistanda bir çox radikal qüvvələri, onların rəhbərlərini narahat edir:
“Vaşinqtonda əldə edilmiş razılaşma, sülh sazişinin mətninin paraflanması Ermənistanda bir çox radikal qüvvələri, qrupları və revanşistləri narahat edir. Eyni zamanda bundan onların ideya rəhbərləri də narahat olur. Ona görə də əldə edilmiş sənəd barədə müxtəlif formada ajiotajlar yazmağa və yaratmağa cəhd göstərirlər. Bundan Paşinyana qarşı seçkiqabağı qara piar və təzyiq vasitəsi kimi istifadə edirlər. Düşünürəm ki, bu fikirlər daha çox Ermənistandakı sülh istəməyən qruplaşmaların mövqeyidir”.
