Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edib.
Bu isə öz növbəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərdə narahatlıq doğurur.
Görəsən yeni qaydalara əsasən kimlər taksi fəaliyyəti ilə məşğul ola biləcək?
Tələblər nələrdən ibarət olacaq?
Bu kvotanın tətbiq edilməsi nə dərəcədə real görünür?
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirir ki, kvotanın məqsədi Bakıda nəqliyyat sıxlığının azaldılmasıdır. Taksi sürücüləri daimi olaraq hərəkətdə olurlar. Bəzi kataqoriya insanlar deyək ki, səhər işə gəlir, axşam evə gedir. Burada o tip nəqliyyat vasitələrinin Bakı şəhərində sıxlıq yaratma ehtimalı taksi fəaliyyəti göstərən avtomobillərlə müqayisədə 10 qat aşağıdır. Daha çox sıxlığın olmasında iştirakçı qismində olan nəqliyyat vasitələri taksilərdir.
“Kvotanı sıxlığı azaltmaq məqsədi ilə nəzərdə tuturuqsa, taksi xidməti yerinə yetirən insanları əmək bazarında alternativ iş təklif edilməlidir. Qeyri-rəsmi informasiyalara görə, hazırda Bakıda 100000-ə yaxın taksi xidməti həyata keçirən nəqliyyat vasitəsi var. Bu insanlar taksi xidməti həyata keçirərək çörəkpulu qazanırlar. Onlar övladlarını, ailəsini dolandırmaq üçün bu işlə məşğul olurlar. Yaxşı, bu kvotanı tətbiq etdin, endir 25 000-ə. Bəs buna nəzarət necə olacaq? Hansı formada olacaq? Endirdin və sərt bir metod tətbiq etdin, heç kimə imkan vermədin ki, taksi xidməti ilə ailəsini dolandırsın. Bəs bu insanlara alternativ qazanc mənbəyi olaraq nə təklif edəcəksən?” – deyə ekspert əlavə edib.
İlqar Hüseynov qeyd edir ki, bununla bağlı bir plan olmalıdır. Nə vaxta kimi bu plan ortada yoxdur, bu işləməyəcək. Camahat bu işlə çörək qazanmağa məcburdur. Bu sadəcə olaraq bir testdir. Nə cür endirəcəksən kvotanı? Hansı cür müəyyənləşdirəcəksən? Necə biləcəksən ki, bu doğrudan da 25000-dir, yoxsa 100000 ? Hərə bir metod tapıb yenə öz işi ilə məşğul olacaq. Sadəcə gündəmi zəbt etmək üçün bu söhbətləri ortaya atırlar. Bu kvotanın da, digərlərinin də heç bir iqtisadi əsası yoxdur.
Ekspertin sözlərinə görə, kvotanın tətbiqi qiymət bahalaşmasına səbəb ola bilər:
“Nəzəri cəhətdən düşünək, nə qədər xidmətdə olan maşın sayı azalırsa, bir o qədər rəqabətlilik də azalır. Rəqabətliliyin azalması da qiymətlərin bahalaşmasına gətirib çıxara bilər. Biri var 10 maşın xidmət göstərə, ucuz qiymət təklif edə, biri də var 2 maşın xidmətdə ola. Əlbəttə ki, o da öz istədiyi qiymətlə bazara diqtə edəcək. Bu da qiymət artımına gətirib çıxara bilər”.
Ziyafət Əlisoy
