First Academy şirkətinin haqlı olduğu sübut olundu - VİDEO
Son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında First Academy şirkəti haqqında yayılan iddialar geniş müzakirələrə səbəb olmuşdu. Bir neçə gün əvvəl bir şəxs şirkətə ödəniş etdiyini, lakin guya şirkət tərəfindən heç bir xidmət göstərilmədiyini iddia edərək Azərbaycanda fəaliyyət göstərən müxtəlif media qurumlarına müraciət etmiş, eyni zamanda Almaniyada yaşayan blogerlərə də şikayət ünvanlamışdı. Bunun ardınca şirkət haqqında qara yaxma xarakterli və əsassız məlumatlara söykənən videolar paylaşılmış, First Academy-nin nüfuzuna xələl gətirən iddialar səsləndirilmişdi.
Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, yayılan ittihamlar həqiqəti əks etdirməyib.
Dünən bu mövzu ilə bağlı videolar paylaşan Yusif İbadov özü açıqlama verərək First Academy şirkətinin rəhbərliyi ilə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, şikayətçi, First Academy şirkətinin rəhbəri Vüsal Qəribov və özü arasında iki saatdan artıq davam edən telefon danışığı olub. Həmin danışıq zamanı bütün məsələlər ətraflı müzakirə edilib və şikayətçinin səsləndirdiyi iddiaların həqiqətə uyğun olmadığı üzə çıxıb.
Yusif İbadov qeyd edib ki, əslində məsələ əvvəl təqdim edildiyi kimi deyil. Onun sözlərinə görə, First Academy şirkəti üzərinə düşən öhdəlikləri yerinə yetirib, dil kursu təşkil olunub və xidmət göstərilib. Buna baxmayaraq, həmin şəxs ödənişinin geri qaytarılmasını tələb edib. İstəyinə nail olmadıqda isə media qurumlarından və blogerlərdən vasitə kimi istifadə edərək şirkət haqqında mənfi rəy formalaşdırmağa çalışıb.
Yusif İbadov açıqlamasında bunları da bildirib:
“Həmin şəxs bizi də biabır etdi, yalan məlumatlar verdi, şirkətin nüfuzuna xələl gətirdi. Buna görə First Academy şirkətindən və əməkdaşlardan haqlarını halal etmələrini xahiş edirəm.”
Bu açıqlama son günlər yayılan iddiaların yenidən qiymətləndirilməsinə səbəb olub. Beləliklə, First Academy haqqında səsləndirilən ittihamların birtərəfli məlumatlara əsaslandığı, hadisələrin isə tamamilə fərqli olduğu məlum olub.
Baş verənlər bir daha göstərir ki, hər hansı şirkət və ya şəxs haqqında irəli sürülən iddiaları həqiqət kimi qəbul etməzdən əvvəl bütün tərəflərin mövqeyi dinlənilməli, faktlar dəqiqləşdirilməlidir. Əks halda, əsassız məlumatların yayılması həm şirkətin işgüzar nüfuzuna, həm də əməkdaşların əməyinə ciddi zərər vura bilər.
Ortaya çıxan faktlar fonunda məlum olub ki, First Academy üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və yayılan ittihamlar həqiqəti əks etdirməyib. Bu hadisə həm media nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri üçün məlumatların dəqiqləşdirilməsinin, bütün tərəflərin mövqeyinin öyrənilməsinin və obyektiv yanaşmanın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.





