“Hava limanına taksilərin buraxılmaması böyük ictimai reaksiya ilə üzləşdi. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq və burada yerli əhali üçün müəyyən şərait yaradılacaq”.
Bu fikirləri “Xəbərsiz”ə açıqlamasında “Avtosfer” saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı hava limanına taksilərin hələ də buraxılmamasından danışarkən deyib.
O təklif edib ki, heç olmasa aeroportda “Terminal 2″dən gələnlər üçün ucuz taksilər təmin edilsin:
“Mən təklif edirəm ki, ən azından aeroportdakı “Terminal 2″də – yəni Naxçıvandan gələn təyyarələrin olduğu ərazidə daha ucuz taksilərin olması təmin edilməlidir. Yaxud şəhərdən hava limanına müştəri aparan taksilərin “Terminal 2″dən də müştəri götürüb aparmasına icazə verilməlidir. Taksi qiymətləri də artıb, komfortlu taksilər aeroportda qalaraq xaricilərə xidmət edə bilərlər. Bəlkə elə yerli adamlardan imkanlısı olacaq və taksiyə daha çox pul ödəyəcək. Həmçinin ucuz taksilərdən də istifadə imkanları yaranmalıdır. Düşünürəm ki, bu qədər ictimai müzakirənin bir nəticəsi olacaq”.
Mikayıl Mirzəzadə
