Azərbaycanın Milli Qəhrəmanı, Tovuz döyüşlərinin unudulmaz şəhidi polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial media hesabında atasının məzarını ziyarət edərkən çəkilmiş fotoşəkil paylaşıb.
Şəhid polkovnikin vəfatından 6 il keçməsi münasibətilə edilən paylaşım sosial şəbəkə istifadəçilərini duyğulandırıb. Elvin Mirzəyev atasına olan sonsuz həsrətini və qürurunu bu sözlərlə ifadə edib:
“Ruhun şad olsun, canım Atam! Artıq 6 il keçdi. Bu illər ərzində bir anımız belə olmadı ki, sənin üçün darıxmayaq. Bax, yenə gəlmişəm, yanındayam — bu dəfə sənin adını daşıyan nəvənlə birgə… Mən də, biz də səni heç vaxt unutmayacağıq. Beləcə illər keçəcək, hələ neçə-neçə İlqarlar, neçə-neçə igid oğullar doğulacaq və sənin kimi qəhrəmanların adını fəxrlə daşıyacaqlar. Sənin adını daşımaq, sənin övladın olmaq mənim ən böyük şərəfimdir. Qarşında sonsuz hörmətlə baş əyirəm, ATA!”





