MİQ imtahanları niyə ödənişli olmalıdır? – Ekspert danışır
Müəllimlərin İşə Qəbul (MİQ) imtahanlarının ödənişli olmasının əsas səbəblərindən biri bəzi namizədlərin imtahan üçün qeydiyyatdan keçməsinə baxmayaraq, imtahanda iştirak etməməsidir.
Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu “Xəbərsiz”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu hal dövlətin maddi və inzibati resurslarının əhəmiyyətli dərəcədə israf olunmasına səbəb olur:
“Test imtahanları üçün nəzərdə tutulan ödəniş məbləği yüksək olmamalıdır. Bu, daha çox şərti və simvolik xarakter daşımalıdır. Məsələn, mən bu məbləğin 20 manat olmasını təklif edərdim. Məqsəd namizədin prosesə nə dərəcədə ciddi yanaşdığını müəyyənləşdirməkdir. Namizəd düşünməlidir ki, əgər imtahanda iştirak etməyəcəksə, qeydiyyatdan keçib boş yerə ödəniş etməsin.”
Ekspert qeyd edib ki, imtahanın bir nəfər üçün təşkili dövlətə 20 manatdan daha baha başa gəlir. Lakin az məbləğli ödəniş belə namizədlərin məsuliyyətini artırır:
“Kiçik məbləğin tətbiqi namizədin ciddiliyini yoxlayır. Əks halda, ödənişsiz olduğu üçün bəzi namizədlər qeydiyyatdan keçir, lakin imtahana məsuliyyətsiz yanaşırlar.”
Rizvan Fikrətoğlu əlavə edib ki, sosial ədalət prinsipi də nəzərə alınmalıdır. Onun fikrincə, MİQ imtahanlarında ilk dəfə iştirak edən namizədlər üçün imtahanın ödənişsiz olması məqsədəuyğundur:
“Onlara ən azı bir dəfə şans yaratmaq mümkündür.”
Ekspertin sözlərinə görə, MİQ imtahanlarının ödənişli olması Azərbaycan təhsil sistemində praktiki məsələlərin daha səmərəli həllinə və qeyri-ciddi müraciətlərin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məsələ ilə bağlı sosial ədalət və hüquqi aspektlər üzrə ictimai müzakirələr hələ də davam edir.
Ziyafət Əlisoy






