Sertifikasiya imtahanında iştirak edərək 51 və yuxarı bal toplamış 6.6 min müəllimin maaşına 35% artım, 30-50 bal aralığında nəticə göstərən 11.3 min müəllimin maaşına isə 10% artım əlavə olunub. İndiyədək 73,3 min müəllim sertifikatlaşdırmadan keçərək differensial əmək haqqı alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, ümumi təhsil üzrə tehsilverənlərin sertifikatlaşdırılması ilə bağlı 2025-ci ildə ölkənin müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 22,3 min müəllimin iştirakı ilə 39 imtahan mərkəzində test imtahanı mərhələsi təşkil edilib. Sertifikatlaşmada ilk dəfə iştirak edənlərin sayı 19.1 min nəfər, təkrar sertifikasiyada iştirak edənlərin sayı isə 3.3 min nəfər təşkil edib.
Eyni zamanda, təkrar sertifikasiyanın müsahibə mərhələsi keçirilib və bu mərhələyə 1430 nəfər müəllim cəlb olunub. Onlardan 1318 nəfər uğur qazanıb, 35 nəfər qeyri-kafi nəticə göstərib, 78 nəfər isə müsahibədə iştirak etməyib.
İlk dəfə sertifikasiyada iştirak edən ve test mərhələsini müvəffaqiyyətlə başa vurmuş 16.6 min nəfər müəllim də müsahibə mərhələsinə dəvət olunub. Bu kateqoriyaya aid müəllimlərin müsahibəsində 16,4 min uğurlu və 25 uğursuz nəticə olub, gəlməyənlərin sayı isə 126 nəfər təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən cəmi 353 təhsilverən sertifikasiya imtahanına dəvət olunub, imtahanda 333 təhsilverən iştirak edib, onlardan 280 nəfər uğurlu ve 53 nəfər uğursuz nəticə göstərib.//Bizim.Media

















