Xəzər dənizində suyun səviyyəsinin enməsi prosesi illərdir davam edir. Ekoloqların sözlərinə görə, hazırkı vəziyyət qlobal istiləşmə və antropogen fəaliyyətin birbaşa nəticəsidir.
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Xəbərsiz”ə açıqlamasında bildirib ki, problemin həlli üçün Xəzəryanı ölkələr birgə tədbirlər görməlidirlər:
“Xəzərin əsas sudaşıyıcı çayları – Volqa, Ural, Kür, Cedeş və digər çaylardır. Bu çayların suvarmaya cəlb olunması azaldılmalıdır. Yalnız bu halda suyun səviyyəsinin sabitləşməsi mümkündür,” – deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, dənizin çəkilməsi çox ağır fəsadlara gətirib çıxara bilər. İbrahimli xəbərdarlıq edib ki, səhralaşma nəticəsində dəniz dibindən üzə çıxan minerallar havaya qarışaraq insanların tənəffüs yollarına təsir edəcək:
“Bu proses onkoloji və digər ağır xəstəliklərin artmasına səbəb ola bilər.”
Ekoloq çıxış yolunu da təklif edib:
“Xəzərin çəkildiyi sahələrdə yaşıl zolaqlar salınmalıdır. Məsələn, dəniz 10 metr geri çəkilibsə, həmin ərazilərdə yerli iqlimə uyğun qoruyucu bitkilər, kollar əkilməlidir ki, gələcəkdə ciddi ekoloji fəlakətlə üzləşməyək.”
Onun fikrincə, könüllülərin bu işlərə cəlb olunması da vacibdir:
“Könüllülüyün təbliği çox önəmlidir. Çünki müəyyən işlərdə könüllülər dövlətimizə və cəmiyyətimizə böyük dəstək ola bilərlər,” – deyə o əlavə edib.
Ziyafət Əlisoy
