Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Əraqçı Polşanın Tehranı Rusiyanı pilotsuz uçan aparatlarla təchiz etməkdə ittiham etməsinə cavab verib.
O, “X” platformasında paylaşım edərək Polşa XİN rəhbərinin bəyanatını “əsassız” adlandırıb və qarşı tərəfi sənədlərlə əsaslandırılmış dialoqa çağırıb.
“Hesab verməkdən qaçmaq, əsassız iddiaları və müdaxiləçi bəyanatları təkrarlamaq problemi həll etməyəcək”, – deyə, Əraqçı bildirib.
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki, İran – Polşa münasibətlərinin bu formada gərginləşməsi, dövlətlərarası soyuq münasibətlərin formalaşması təsadüfü deyil.
“Polşa təbii ki, ABŞ-yə, İran isə Rusiyaya yaxın ölkədir. Bu baxımdan belə iddiaların ortaya atılması hər zaman olub, bu gün də var, gələcəkdə də olacaq. Ukrayna cəbhəsində İran PUA – larının görünməsi barədə iddialar dəfələrlə səsləndirilib, amma ortaya fakt qoyulmayıb. İstənilən halda belə bir halın baş verməsi təəccüblü olmazdı”, – deyə o, bildirib.
C. Abbaslı bildirir ki, faktiki olaraq dünyada pərdəarxası üçüncü dünya müharibəsi gedir. Ola bilər ki, bu “müharibə”də dövlətlərin canlı qüvvəsi iştirak etmir, amma üzdə üçüncü dünya müharibəsinin getdiyi açıq şəkildə görünür.
“Dünyanın iki cəbhəyə bölündüyü göz önündədir. Bu təkcə Ukrayna cəbhəsi deyil, digər cəbhələrdə də özünü göstərir. İranla Polşa arasında müharibənin olması isə gözlənilmir, ümumiyyətlə mümkün deyil. Amma belə bir etiraz notasının göndərilməsi də təsadüfü deyil, bu bir xəbərdarlıqdır. İran da bu məslədə ehtiyatlı olmağa çalışacaq və çalışır. Çünki İsrail kimi bir ölkə ilə 12 günlük savaşdan çıxıb, ciddi zərbələr görüb. Bu baxımdan düşünürəm ki, İran etiraz notalarından o yana keçməyəcək”, – deyə o, əlavə edib.
Siyasi şərhçi münasibətlərin istənilən halda ciddi olduğunu qeyd edir:
“Düşünürəm ki, cənub qonşumuz bundan sonra bir qədər ehtiyatlı olacaq. İstənilən halda bu gərginlik region üçün ürəkaçan deyil”.
Ziyafət Əlisoy
