Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
“Xəbərsiz” bildirir ki, Ryabkov Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq prosesinə də toxunub.
“Sammitə hazırlıqlar davam edir. Bu hazırlıqlar müxtəlif formalarda ola bilər. Biz hesab edirik ki, diqqət işin məzmununa yönəlməlidir. Biz bunu verilən göstərişlərə uyğun olaraq həll edirik. Mən sammitin keçirilməsinə heç bir maneə görmürəm. İki liderin Ankoricdəki sammitində müəyyən etdiyi parametrləri dəqiqləşdirmək lazımdır. Bu, bizim üçün çətin bir prosesdir”, -deyə o, bildirib.
Ryabkov əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun sammitdən əvvəl Budapeştdə amerikalı həmkarı Marko Rubio ilə görüşüb-görüşməyəcəyi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Bəzi ölkələrin Rusiya ilə ABŞ arasında zirvə görüşünə qarşı olduğuna diqqət çəkən Ryabkov, “Bunu iki ölkə arasında razılaşmaların əldə olunmasına qarşı çıxmaq şüurlu istəyi ilə əlaqələndirirəm” deyə bildirib.
Əli Hacı
