Qəzza zolağında Misirin rəhbərlik etdiyi sabitləşdirmə qüvvələri ən azı 4000 hərbçidən ibarət olacaq.
“Xəbərsiz” bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, kontingentdə Azərbaycan, Türkiyə və İndoneziya hərbçiləri də olacaq. Lakin bu ölkələr hələ ki, iştiraklarını rəsmən təsdiq etməyiblər.
Qəzetin mənbələri bildirirlər ki, stabilləşdirmə qüvvələri “ağır silahlara malik olmayacaq və əsasən özünümüdafiə odlu silah və zirehli texnikaya arxalanacaq”. Onun mandatı sülhməramlı kontingentin mandatı ilə eyni olacaq. Qoşunlar ABŞ prezidenti Donald Trampın sülh planının birinci mərhələsinə uyğun olaraq İsrailin qüvvələrini çıxardığı ərazilərə yerləşdiriləcək. Kontingent daha sonra İsrail ordusu qoşunları daha da geri çəkməyə qərar verdikdə öz yerləşdirmə ərazisini genişləndirəcək. Yenə də mənbələr qeyd edir ki, sabitləşdirmə qüvvələri “sərhədin Qəzza tərəfində keçəcək İsrailin nəzarətində olan təhlükəsizlik zolağına daxil olmayacaq”.
Beynəlxalq kontingentin səhra xəstəxanalarının yaradılması və kritik infrastrukturun bərpasına cavabdeh olması, həmçinin 3000 yerli könüllü ilə birlikdə dağıntılar altından cəsədlərin çıxarılması üçün axtarış-xilasetmə əməliyyatlarına nəzarət etməsi nəzərdə tutulur.
İslam İman
