“Referans VİP” klinikasının “28 May” filialına müraciət edən pasiyent klinikada personalın davranışından narazı qalması ilə bağlı sosial mediada paylaşım edib.
“Xəbərsiz” bildirir ki, bu barədə “Aylin Elçin” adlı sosial şəbəkə istifadəçisi “Facebook” hesabında paylaşım edib.
O, qeyd edib ki, klinika heyəti pasiyentləri nəzərə almadan yüksək səslə musiqiyə qulaq asır və mahnı oxuyurlar.
Şikayətçinin sözlərinə görə, hadisə 16 yanvar tarixində, təxminən saat 16:00 radələrində baş verib:
“16 yanvar tarixində, təxminən saat 16:00 radələrində “Referans VİP” klinikasına qəbul üçün yaxınlaşdıq. Burada personalın özünü aparması, daha doğrusu, apara bilməməsi bizi olduqca təəccübləndirdi. Qəbul şöbəsində yerləşən otaqdan yüksək səslə danışmaq, gülmək kimi səslər gəlirdi, sakitliyə riayət olunmurdu.
İlkin olaraq buna çox da əhəmiyyət vermədim, lakin bir müddət sonra əməkdaşlardan birinin İbrahim Tatlısəsin “Aramam Soramam” mahnısını qoşub yüksək səslə (hətta deyərdim ki, qışqıraraq) oxumağa başlamasına əhəmiyyət verməmək mümkün deyildi.
Bir anlıq harada olduğumu unutdum: karaoke, yoxsa restoran? Ən çox məni təəccübləndirən isə personalın bu qədər rahat olmağı idi. Personalın iş yerini karaoke məkanı ilə səhv salması aydın şəkildə bəlli idi, eyni zamanda işçilərə nəzarətin olmaması da hiss olunurdu.
Tibbi müəssisədə bu cür davranış yolverilməzdir və klinikanın etik qaydalarına, eləcə də pasiyentlərə qarşı hörmətsizlikdir. Şəxsən mən kiminsə ucadan oxuduğu mahnını dinləmək məcburiyyətində qalmağı xoş hesab etmirəm. Ümid edirəm ki, rəhbərlik personalına elementar etik davranış qaydalarını izah edər”.
Məsələ ilə bağlı “Referans VİP” klinikası ilə əlaqə saxlamağa çalışsaq da, dəfələrlə edilən zənglərə cavab verilməyib.
Biz qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, “Referans VİP” klinikası “Referans Medical Group”a daxildir. “Referans Medical Group”un Müşahidə Şurasının rəhbəri Hansıyar Babayev, direktoru isə Elgiz Dadaşovdur.
Xəbərsiz

















