Rusiyanın İrana humanitar yardım aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda eniş edib.
“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.
On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
“Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-in “İl-76″ təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq”, – məlumatda bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

















