Türk Dövlətləri Təşkilatının toplantısının harada keçirilməsindən asılı olmayaraq bu təşkilatın təşkilat olaraq formalaşması və getdikcə güclənməsi bu təşkilata üzv olan hər bir ölkənin siyasi, iqtisadi gələcəyi üçün son dərəcədə əhəmiyyət kəsb edir.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
“Azərbaycan Respublikası bu təşkilatın aparıcı üzvlərindən biri olaraq həm coğrafi kordinat baxımından mərkəzdə dayanması, həm siyasi baxımdan və eyni zamanda digər mövzularda mərkəzi mövqeyə sahib olan bir ölkə kimi birmənalı olaraq təşkilatın imkanlarının genişləndirilməsində ölkəmizin rolu var”, – deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, eyni zamanda ölkəmizin də iqtisadi, siyasi baxımdan inkişaf etdirilməsində bu təşkilatın rolu var:
“İlk növbədə ölkənin enerji və qaz tranziti strategiyasının inkişaf etdirilməsində, eyni zamanda birgə investisiya layihələrinin həyata keçirilməsində, ortaq sənaye və texnologiya, ayrı-ayrı istehsalat klasterlərinin yaradılmasında, gömrük proseslərinin sadələşdirilməsində və Azərbaycanın iştirakçısı olduğu digər təşkilatlarla bu təşkilatın birgə inteqrasiyasında bu təşkilat üzvlərinin hər birinin öz dibidentləri var”.
Əmirov bildirir ki, bu təşkilatın ölkəmizin iqtisadi startegiyasının gerçəkləşməsində, ölkəmizin investisiya fəaliyyətinin, ixrac istiqamətlərinin şaxələndirilməsində eyni zamanda Şərq – Qərb, Şimal – Cənub dəhlizləri üzrə fəaliyyətinin daha da optimallaşdırılmasında müstəsna əhəmiyyəti var.
“Azərbaycan Orta dəhliz və Şimal – Cənub xətləri qovuşağında yerləşdiyi üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni nəqliyyat və enerji layihələrinin əsas keçid nöqtəsinə çevriləcək. Bu, tranzit gəlirlərimizi artıracaq, eyni zamanda ölkəmizin strateji əhəmiyyətini yüksəldəcək”, – deyə o bildirib.
Ziyafət Əlisoy
