Tramp liderləri belə mat edir! - siyasətdə "bədən dili"nin rolu
14 may 2026-cı il tarixində ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində keçirilən görüş dünya mediasının və siyasi dairələrin diqqət mərkəzinə çevrildi. Görüşün əsas mövzuları iqtisadi münasibətlər, Tayvan məsələsi, İran ətrafında yaranan gərginlik, texnologiya savaşı və qlobal təhlükəsizlik olsa da, ictimaiyyətin diqqətini ilk növbədə liderlərin salamlaşması çəkdi.
Donald Trampın artıq siyasi “imzasına” çevrilmiş xüsusi salamlaşma üslubu – qarşı tərəfi özünə tərəf çəkmək cəhdi – bu dəfə Çin liderinin soyuqqanlı və ölçülü davranışı ilə qarşılaşdı. Sosial şəbəkələrdə milyonlarla insanın izlədiyi həmin kadrlar bir çoxları tərəfindən sadəcə diplomatik jest deyil, böyük güclər arasında psixoloji və siyasi balansın simvolu kimi qiymətləndirildi.
Beynəlxalq siyasətdə liderlərin bədən dili təsadüfi detal hesab olunmur. Tarix boyu dövlət başçılarının əl sıxması, baxışları, duruşu və jestləri diplomatik mesajların ayrılmaz hissəsi olub.
Trampın əvvəllər Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya kralı III Çarlsla görüşlərində də oxşar davranış nümayiş etdirməsi göstərir ki, Tramp şəxsi dominantlıq və psixoloji üstünlük elementlərini diplomatiyanın bir hissəsi kimi istifadə etməyə çalışır. Lakin Çin siyasi ənənəsi fərqli diplomatik fəlsəfəyə əsaslanır. Çin dövlət siyasətində emosional impulsdan çox, strateji səbir və dövlət nüfuzu ön plana çıxarılır.
Pekində keçirilən görüşün əsas mahiyyəti isə əlbəttə ki, jestlərdən daha dərindir. ABŞ və Çin artıq təkcə iki dövlət deyil, dünya iqtisadiyyatının və beynəlxalq sistemin əsas dayaqlarıdır. Bu iki güc arasında münasibətlərin xarakteri qlobal bazarlardan enerji təhlükəsizliyinə, texnologiya sektorundan regional münaqişələrə qədər çoxsaylı istiqamətlərə təsir göstərir.
Görüş zamanı Çin lideri Si Cinpinin “qarşıdurmanın qarşılıqlı zərərə səbəb olacağı” barədə söylədiyi fikirlər təsadüfi deyildi. Çin rəhbərliyi uzun müddətdir ki, Vaşinqtonla açıq qarşıdurmadan yayınmağa çalışdığını nümayiş etdirir. Pekin hesab edir ki, iqtisadi qarşılıqlı asılılıq hər iki tərəfi əməkdaşlığa məcbur edir. Tramp administrasiyası isə daha sərt və praqmatik xətt yürütməyə çalışaraq ; ticarət balansı, texnologiya transferi və geosiyasi təsir uğrunda rəqabəti prioritet hesab edir.
Xüsusilə Tayvan məsələsinin görüşdə ön plana çıxması diqqət çəkir. Çin üçün Tayvan məsələsi sadəcə regional problem deyil ; milli suverenlik və dövlət bütövlüyü məsələsidir. ABŞ isə bölgədəki strateji təsir imkanlarını qorumağa çalışır. Məhz buna görə də Pekin və Vaşinqton arasında münasibətlərin gələcək taleyi böyük ölçüdə bu həssas məsələnin necə idarə olunacağından asılı olacaq.
Digər mühüm məqam isə iqtisadi əməkdaşlıqdır. Görüş zamanı Çin tərəfinin “ticarət müharibələrinin qalibi olmur” mesajı verməsi göstərir ki, Pekin iqtisadi sabitliyi ; geosiyasi qarşıdurmadan üstün tutur. ABŞ nümayəndə heyətində böyük biznes dairələrinin, o cümlədən texnologiya və sənaye sektorunun tanınmış simalarının iştirak etməsi də təsdiqləyir ki, hətta siyasi rəqabət dövründə belə iqtisadi maraqlar tərəfləri dialoqa məcbur edir.
Bu görüş onu da göstərdi ki, XXI əsrin böyük siyasəti artıq yalnız hərbi güc üzərində qurulmur. Psixoloji üstünlük, informasiya müharibəsi, iqtisadi təsir imkanları və liderlərin şəxsi davranış tərzi belə beynəlxalq münasibətlərin mühüm elementinə çevrilib. Pekindəki salamlaşma epizodu bəlkə də bir neçə saniyə çəkdi ; lakin həmin görüntülər dünya siyasətində qüvvələr balansının necə dəyişdiyini simvolik şəkildə nümayiş etdirdi.
Müasir dünyada qarşıdurmaların artdığı, regional müharibələrin genişləndiyi bir dövrdə böyük dövlətlərin dialoq masasında qalması ; insanlıq üçün həyati əhəmiyyət daşıyır. Dünya ölkələri, xüsusilə siyasi liderlər və dövlət başçıları rəqabəti düşmənçiliyə çevirməməli, münaqişələri diplomatiya və qarşılıqlı hörmət yolu ilə həll etməyə çalışmalıdırlar. Sülh yalnız dövlətlərin deyil ; bütün bəşəriyyətin ortaq marağıdır.
Müəllif: Qəvami Sadıqbəyli





