Bir neçə gün öncə Türkiyənin “Akit” televiziyası və ölkənin ən böyük sosial media kanalı olan “Baho” Azərbaycan dövləti adından “Avroviziya 2026″da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə tirajlanan xəbərlər dərc edilib.
Bunu yalnız 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, iştirakdan imtina edəcəyik.
APA məlumat verib ki, tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.
Bəs, qardaş ölkə mətbuatı niyə bu cür saxta ittihamlar səsləndirir? Onları bunu etməyə nə vadar edir?
AĞ Partiya sədri Tural Abbaslı “Xəbərsiz”-ə açıqlamasında qeyd edib ki, Türkiyədə Azərbaycanla münasibətləri korlamaq istəyən kifayət qədər qüvvələr var:
“Türkiyə böyük dövlətdir və orada siyasi maraqlara xidmət edən qurumlar, qruplar var. Təbii ki, hamısından Azərbaycana qarşı dostluq və qardaşlıq mövqeyini gözləmək düz deyil. Bəzi dairələr də var ki, Azərbaycanla Türkiyə münasibətlərinin korlanmasını istəyirlər. Heç kəsə sirr deyil ki, Azərbaycanda da elə qüvvələr var. Burada bir əsas var. Azərbaycanın İsraillə olan əsassız sevgisi, xoş görüntüsü belə şayiələrin yayılmasına səbəb verir”.
Partiya sədri bildirib ki, Azərbaycanın aidiyyatı qurumları operativ olaraq bu məsələyə reaksiya verməlidir:
“Mən həmişə qeyd etmişəm ki, Azərbaycan İsraillə münasibətlərini qurarkən Türk İslam Dünyasında münasibətlərin hansı vəziyyətə gələcəyini dəyərləndirməlidir. Kor-koranə İsrail nə edirsə, düz edir deməklə xarici siyasət qurula bilməz. İndi bu məqamdan istifadə edən qüvvələr var. Təbii ki, belə dezinformasiyalar yayıla bilər. Amma Azərbaycan dövləti, aidiyyatı qurumlar da operativ olaraq bu məsələlərə reaksiya verməlidir. Reaksiya bildirməlidir ki, bu dezinformasiyalar effekt verməsin. Mən Azərbaycanın rəsmi orqanlarından bununla bağlı təkzib eşitməmişəm”.
Sonda T.Abbaslı əlavə edib ki, Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkənin prioriteti olmalıdır:
“Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri bu günun prioriteti olmalıdır. Çünki düşmənlər çox ağıllıdır, hiyləgərdir. Amma xüsusi bir əks-niyyət axtarmaq da düz deyil. Dezinformasiyanın məqsədi insanların könlünü bulandırmaqdır. Kimlərsə buna inana bilər, amma bizim işimiz bunun yalan olduğunu təsdiq etmək və qardaşlıq münasibətlərimizin qorunub saxlanmasından ibarətdir”.
Rza Əli
