“Səhiyyə ocaqlarına müraciətlərin sayının yüksək olduğunu bilirik. Uşaqlarla bağlı məsələlər həssas hesab edildiyinə görə onların müraciətlərinə xüsusi diqqət yetirilir”.
“Xəbərsiz” xəbər verir ki, bu fikirləri TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam Dialoq: Media və Səhiyyə Kommunikasiyasında Yeni Paradiqmalar” adlı tədbirdə çıxışı zamanı deyib:
“Qəbul prosesində müəyyən bölmələr ayrıca ayrılıb və məkan üzrə yeni təşkilatlanma aparılıb. Bundan əlavə, həkim qəbullarında növbələrin tənzimlənməsi prosesinə də start verilib. Abşeron rayonunda “Həkimdən-Həkimə” adlı pilot layihəyə start vermişik.
Əgər vətəndaş ilk dəfə hər hansı tibb müəssisəsinə müraciət edirsə, həmin gün ərzində 4–5 müxtəlif tibbi xidməti bir yerdə almaq imkanı yaranır. Bu səbəbdən həkimdən-həkimə keçid zamanı növbə sıralarının optimallaşdırılması həyata keçiriləcək”.
Zamirə Ədilova qeyd edib ki, layihənin uğurlu nəticələri əldə olunduqdan sonra digər tibb müəssisələrində də tətbiqinə başlanacaq:
“Əgər vətəndaş bir həkimə qəbul üçün gəlib və əlavə olaraq başqa bir həkimin rəyinə ehtiyac yaranırsa, artıq yenidən əsas qeydiyyat bölməsinə müraciət etməyəcək. Bunun əvəzinə, xüsusi ayrılmış bölməyə yaxınlaşacaq və oradan növbəti həkimə yönləndiriləcək. Bu mexanizmin növbələrin tənzimlənməsində və yüklənmənin azalmasında mühüm rol oynayacağı gözlənilir”.

















