Xəzər dənizi son illər sürətlə geri çəkilir. Alimlərin müşahidələrinə görə, suyun səviyyəsindəki enmə artıq ekoloji böhran həddinə yaxınlaşır. Bu dəyişikliklər yalnız dənizin ekosisteminə deyil, həm də balıqçılıq təsərrüfatına, region iqtisadiyyatına və sahilboyu yaşayan əhalinin gündəlik həyatına təsirsiz ötüşmür.
Mütəxəssislər bildirirlər ki, bu prosesin əsas səbəbləri iqlim dəyişikliyi, yağıntıların azalması, çay axınlarının zəifləməsi və antropogen təsirlərdir.
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan iqtisadi coğrafiya sahəsində mütəxəssis Çingiz İsmayılovun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi ilk növbədə sahil ərazilərinin transformasiyasına səbəb olur. Həmçinin sahildə olan təsərrüfat sahələri bu təsirin fəsadlarını hiss edirlər.

Mütəxəssis bildirir ki, sahil ərazilərdə yerləşən bir çox sahələr dənizlə bağlıdır:
“Suyun çəkilməsi balıqçılıq, çimərliklər, nəqliyyat şəbəkəsi, şəhərdən dənizə axıdılan çirkab su boruları, sahildə kənd təsərrufatı və s. kimi sahələrə təsir edir. Biomüxtəlifliyin pozulmasına gətirib çıxarır. Ekoloji gərgilik yaranır. Sudan azad olmuş torpaqlarda ekoloji vəziyyət ürəkaçan olmur”.
Ç. İsmayılov qeyd edir ki, çəkilmə bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır:
“Bir tərəfdən su balansına daxil olan suların həcminin azalması, digər tərəfdən istiləşmə ilə bağlı buxarlanmanın artması, çaylardan suların götürülməsi, çay sahillərində su anbarlarının salınması və s. kimi amillərin üst-üstə düşməsi nəticəsində su balansına daxil olan suların həcmi azalır bu da suyun səviyyəsinin düşməsinə təsir edir”.
Ziyafət Əlisoy
