Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsində hadisələri qabaqlamaq lazım deyil.
Bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı yekun qərarı ölkə rəhbərliyinin mövqeyi ilə yanaşı, erməni xalqının mövqeyi də müəyyən edə bilər.
KTMT-nin noyabr ayında Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatda üzvlüyü məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab verən Masadıkov bildirib ki, “çıxarmaq və ya çıxarmamaq” barədə qərarlar KTMT-yə üzv dövlətlərin başçıları tərəfindən qəbul edilir.
“Katiblik olaraq biz hansısa tərəfin əvəzinə qərar verə bilmərik. Hər şey hələ qarşıdadır. Noyabrda Moskvada keçiriləcək növbəti iclasda bu məsələnin ciddi şəkildə müzakirə olunub-olunmayacağını da dövlət başçıları özləri müəyyən edirlər. Gəlin hadisələri qabaqlamayaq”, – deyə KTMT baş katibi vurğulayıb.
Masadıkov Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatla bağlı açıqlamalarının eşidildiyini bildirib. O əlavə edib ki, belə məsələlərdə yalnız ölkə rəhbərliyinin deyil, erməni xalqının da mövqeyi nəzərə alınmalıdır.





