Siyasi şərhçi: Venesuela haqqında yayılan iddiaların böyük hissəsi təxribatdır
Venesuelada baş verən proseslər son dərəcə mürəkkəb və gərgin şəraitdə cərəyan edir. Xüsusilə yayılan məlumatların böyük hissəsi informasiya müharibəsi kontekstində təqdim olunur və reallığı tam əks etdirmir.
Bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi “Xəbərsiz”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Venesuela ətrafında dövriyyəyə buraxılan məlumatlara ehtiyatla yanaşmaq lazımdır:
“Maduronun xəyanət əsasında satılması ilə bağlı iddiaların heç bir real əsası yoxdur və bu tip məlumatlar birbaşa təsdiqlənə bilməz. Bu xəbərlər məqsədli şəkildə tirajlanır və qarşıdurma fonunda siyasi təbliğat aləti kimi istifadə olunur.”
Şərhçi xatırladıb ki, bu ilin yanvarın 3-də ABŞ-ın xüsusi əməliyyatı nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılaraq ABŞ-a aparılması beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Hadisədən sonra Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən şəxs kimi təyin edib.
Çingiz Şahbazi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp da Delsi Rodrigesi müvəqqəti prezident kimi tanıdığını və onunla əməkdaşlığa hazır olduğunu açıqlayıb. Bununla belə, Maduronun “satılması” və ya “xəyanət etməsi” ilə bağlı iddialar faktlarla sübuta yetirilməyib:
“Bu cür məlumatlar təxribat xarakterlidir və əsasən Venesuela müxalifəti tərəfindən müxtəlif siyasi məqsədlərlə yayılır.”
Şərhçinin sözlərinə görə, Venesuela rəsmiləri, xüsusilə Delsi Rodriges, sonrakı çıxışlarında Maduronu hələ də qanuni prezident kimi tanıdıqlarını bəyan edir və onun dərhal azad olunmasını tələb edirlər. O, Rodrigesin ilk və sonrakı açıqlamaları arasında ciddi fərqlərin olduğunu da vurğulayıb:
“Bu fərqlər onu deməyə əsas verir ki, sonrakı açıqlamalar ABŞ-ın ciddi təzyiqləri nəticəsində səsləndirilib. Trampın ilkin bəyanatdan sonra Rodrigesə xəbərdarlıq etməsi fonunda, o, vəziyyəti yumşaltmaq məqsədilə daha ehtiyatlı mövqe sərgiləməyə məcbur qalıb.”
Siyasi şərhçi əlavə edib ki, hazırkı proseslər çoxsaylı daxili və xarici aktorların iştirakı ilə formalaşır və vəziyyətin mahiyyətini anlamaq üçün yayılan informasiyalara tənqidi yanaşmaq vacibdir:
“Mövcud məlumatların əksəriyyəti real vəziyyəti deyil, siyasi müharibə şəraitində aparılan təxribat xarakterli informasiya axınını əks etdirir”.
Ziyafət Əlisoy





