Bəzən insanın həyatını aldığı vəzifələrlə deyil, çəkdiyi zəhmətlə, gördüyü işlərlə, daşıdığı məsuliyyətlə ölçmək lazımdır. 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranma günüdür. 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən təsis konfransı Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi yadda qalıb.
Mən bu tarixi yalnız partiyanın yaranma günü kimi deyil, həm də öz həyat yolum, ictimai fəaliyyətim və keçdiyim illər barədə düşünmək üçün bir fürsət kimi qəbul edirəm.
Artıq 20 ilə yaxındır ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu illər ərzində jurnalist kimi sözün məsuliyyətini, QHT rəhbəri kimi cəmiyyət qarşısında borcumu, bir Azərbaycan qadını kimi milli dəyərlərimizin qorunmasının əhəmiyyətini dərk edərək fəaliyyət göstərmişəm.
Mən ŞƏHİD bacısıyam. Bu ad mənim üçün nə titul, nə də fəxr etmək üçün bir ifadədir. Bu, ömürlük daşıdığım ağrı, qürur və məsuliyyətdir. Qardaşını Vətənə qurban vermiş bir bacı üçün dövlətin güclü olması, şəhidlərin xatirəsinin uca tutulması, ailələrin və zəhmətkeş insanların diqqətdən kənarda qalmaması xüsusi məna daşıyır.
Mən jurnalist olaraq yazmışam, araşdırmışam, insanların səsini ictimaiyyətə çatdırmağa çalışmışam. QHT rəhbəri kimi müxtəlif təşəbbüslərlə çıxış etmiş, ictimai proseslərdə iştirak etmişəm. Həmçinin Azərbaycanın ziyalı, yaradıcı və ictimai simalarının həyat yolunu yaşatmaq məqsədilə “100 ilin imzası” adlı kitabın müəllifi olmuşam. Bu kitab mənim üçün sadəcə bir nəşr deyil, zəhmətin, axtarışın və milli yaddaşa xidmətin ifadəsi ilə yanaşı Ulu Öndərə olan sonsuz sevgidir.
Bu gün 21 noyabr münasibətilə düşünürəm: siyasi təşkilatların gücü yalnız üzvlərinin sayı ilə deyil, insan amilinə, ədalətə, zəhmətə və sosial məsuliyyətə münasibəti ilə də ölçülür.
Mən bu gün də öz yolumdayam. Qələmimlə, ictimai fəaliyyətimlə, Vətənə bağlılığımla. Heç bir vəzifəm olmasa da, gördüyüm işlər, yazdığım kitab və daşıdığım şəhid bacısı adı mənim həyatımın ən böyük məsuliyyətidir.
Mənim nə vəzifəm var, nə də dövlətin verdiyi bir evim. Amma qələmim, əməyim, yazdığım əsərim, ictimai mövqeyim və Vətən uğrunda canından keçmiş qardaşımın müqəddəs xatirəsi var.
21 noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü münasibətilə partiya üzvlərini təbrik edir, ölkəmizə inkişaf, xalqımıza firavanlıq, dövlətimizə güc və birliyimizə sarsılmazlıq arzulayıram.
Arzum budur ki, dövlətə və cəmiyyətə xidmət edən hər bir insanın əməyi görülsün, hər bir şəhid ailəsinin səsi eşidilsin, heç bir zəhmət unudulmasın.
Çünki insanın ən böyük mükafatı gördüyü işin dəyər görməsi, ən böyük sərvəti isə arxasında qoyduğu mənəvi izdir.
Gülşən Behbud
Şəhid bacısı,
QHT rəhbəri
21 noyabr -Yeni Azərbaycan Partiyasının yaranma günü… – Gülşən Behbud yazır










