2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu isə onu göstərir ki, illik müqayisədə ət idxalı dəyər ifadəsində 3 milyon 805,33 min dollar və ya 15,33%, həcm ifadəsində isə 410,01 ton və ya 3,45% artıb.
Bəs idxalının artması və havaların isinməsi ətin qiymətinə təsir edə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxalın artması bazarda təklifi də artırır:
“Azərbaycanın ət idxalı həcmi və dəyəri əvvəlki illərlə müqayisədə artım göstərib, bu da ölkə daxilindəki tələbi ödəməyə kömək edir. Təklif artdıqda isə qiymətlər üzərindəki yuxarı təzyiq zəifləyir, hətta müəyyən hallarda qiymətlər aşağı düşə bilər.
Havaların isinməsi isə ətin qiymətinə fərqli yollarla təsir göstərir.
İsti havalarda mal-qaranın ot və yem mənbəyinə çıxışı asanlaşır, fermerlərin xərcləri azalır, bu da ətin maya dəyərini aşağı sala bilər. Bununla yanaşı, isti havalarda insanların ət istehlakı bir qədər azalır, bu da tələbin düşməsi deməkdir.
Azərbaycanda ət qiymətləri mövsümi amillərdən, idxal-ixrac siyasətindən, inflyasiyadan və fermerlərin davranışlarından birbaşa təsirlənir. Nəzərə almaq lazımdır ki, 2025-ci ildə ətin pərakəndə satışı həcmi əvvəlki illə müqayisədə 44,7% artmışdı, yəni bazarda ümumi ət dövriyyəsi böyüyür.
Nəticə etibarilə, idxalın artması ilə havaların isinməsi eyni vaxtda baş verərsə, bu iki amilin birlikdə qiymətlər üzərindəki yuxarı təzyiqi azaltması, hətta yaxın zamanda qismən aşağı salması mümkündür. Lakin bunun tamamilə həyata keçmə üçün nəqliyyat xərcləri, valyuta məzənnəsi və bayram dövrləri kimi əlavə amillər də rol oynayır”.

















