Azərbaycan Respublikasının Baş Prokurorluğu vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
“Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir”, – deyə məlumatda qeyd olunub.










