1873-cü ildə Argentina dənizçisi Luis Piedrabuena və heyətinin gəmi qəzasından sonra sığınacaq tapdığı ehtimal edilən ərazidə arxeoloqlar maraqlı tapıntılar aşkar ediblər. Tapıntıların 150 ildən çox əvvəl baş vermiş gəmi qəzası və dənizçilərin sağ qalmaq mübarizəsi ilə əlaqəli ola biləcəyi bildirilir.
İspaniyanın Kadis Universitetinin arxeoloqu Nikolas Siarlonun rəhbərlik etdiyi tədqiqatçılar Argentinanın Odlu Torpaq bölgəsi yaxınlığındakı Estados adasında araşdırma aparıblar. Tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc olunub.
Dənizçilərin müvəqqəti düşərgəsi aşkarlandı
1873-cü ildə Luis Piedrabuena pinqvinlərdən yağ əldə etmək məqsədilə ova çıxarkən “Espora” adlı gəmi-briklə qəza keçirib. O və heyəti yaşayış olmayan sahildə təxminən iki ay qalaraq yeni gəmi inşa edib və Çiliyə çatmağı bacarıblar.
2026-cı ilin yanvarında Argentina Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə La Krua körfəzində araşdırma aparan arxeoloqlar qayalıq yaxınlığında müvəqqəti düşərgənin izlərini və taxta gəmi qalıqlarını aşkarlayıblar.
Tapıntılar arasında şüşə muncuqlar, düymələr, butulka, gəmi göyərtəsində istifadə edilən şüşə prizma və sükan mexanizminə aid detal var. Körfəzdə üç taxta gəminin gövdəsinə aid ola biləcək qalıqlar da tapılıb. Onların hamısının eyni gəmiyə məxsus olub-olmadığı hələ müəyyənləşdirilməyib.
Gəminin kimə məxsus olduğu hələ dəqiq deyil
Tədqiqatçılar düşərgənin yerləşdiyi ərazinin və tapılan əşyaların xarakterinin Piedrabuena və heyətinin qəza tarixçəsi ilə üst-üstə düşdüyünü düşünürlər. Dənizçi xilas edildikdən sonra heyətinin La Krua körfəzində bir müddət qaldığını danışmışdı. Lakin onun göstərdiyi yerin düzgünlüyü uzun müddət şübhə doğurub.
Arxeoloqlar hesab edirlər ki, tapıntılar həmin ifadələrin təsdiqlənməsinə kömək edə bilər. Bununla belə, gəmi qəzasının məhz “Espora”ya aid olduğunu sübut etmək üçün əlavə araşdırmalara ehtiyac var.
Tədqiqatçılar heyətin sonradan inşa etdiyi “Luisito” adlı yeni gəminin tikildiyi yeri hələ aşkarlamayıblar. Taxta qalıqların analizi gəmilərin mənşəyini müəyyənləşdirməyə və dənizçilərin marşrutunu bərpa etməyə kömək edə bilər.










