Bu gün görkəmli Azərbaycan musiqiçisi, pianoçu və bəstəkar Gülarə Əliyevanın doğum günüdür.
Gülarə Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan sənətkarlardandır. O, istedadlı pianoçu, bəstəkar və musiqi təşkilatçısı kimi tanınmış, öz yaradıcılığı və sənətə bağlılığı ilə musiqi tariximizdə silinməz iz qoymuşdur. Onun həyatını və fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri Azərbaycan musiqisinə sonsuz məhəbbəti və milli sənət ənənələrinə sədaqəti idi.
Sənətkarın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblı isə onun musiqi irsinin ən parlaq səhifələrindən birini təşkil edir. Ansambl peşəkar ifaçılıq səviyyəsi, musiqi əsərlərinin yüksək bədii təqdimatı və zəngin repertuarı ilə Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yer tutmuşdur. Kollektivin fəaliyyəti milli musiqimizin təbliğinə, instrumental ifaçılıq ənənələrinin inkişafına və gənc musiqiçilərin sənətə marağının artmasına mühüm töhfə vermişdir.
Gülarə Əliyevanın adı bu gün də musiqi təhsili sahəsində yaşadılır. Onun adını daşıyan Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbi uğurla fəaliyyət göstərərək — gənc istedadların üzə çıxarılması, onların musiqi və incəsənət təhsilinə yiyələnməsi istiqamətində öz missiyasını davam etdirir. Bu məktəb görkəmli sənətkarın adının və yaradıcılıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Gülarə Əliyeva həyatdan köçsə də, onun sənəti, musiqiyə bəxş etdiyi töhfələr və rəhbərlik etdiyi “Dan ulduzu” ansamblının yaddaşlarda qalan fəaliyyəti yaşayır.
Əsl sənətkarların ömrü yalnız yaşadıqları illərlə ölçülmür. Onların yaratdıqları əsərlər, yetişdirdikləri istedadlar və xalqın yaddaşında qazandıqları hörmət onları əbədi yaşadır.
Gülarə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir ; Azərbaycan musiqisinə bəxş etdiyi sənət irsi qarşısında baş əyirik !
Allah rəhmət eləsin, ruhu şad olsun !
Müəllif : Qəvami Sadıqbəyli










