Məzmuna keç

Qədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib

Qədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar.

Bu barədə NEWS.am elmi araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatçılar Beni Həsən nekropolundan tapılmış və yaxşı qorunmuş 131 pişik kəlləsini araşdırıblar. Araşdırmanın nəticələri “Journal of Archaeological Science” jurnalında dərc olunub.

Belçika Kral Təbiət Elmləri İnstitutunun alimləri heyvanların diş və sümük qalıqlarını təhlil edərək müxtəlif xəstəliklərin, infeksiyaların və xəsarətlərin izlərini aşkarlayıblar. Kəllələrin 14-də küt və ya iti alətlərlə vurulmuş ağır zədələrin izləri müəyyən edilib.

Bəzi xəsarətlərin heyvanlar sağ ikən sağalmağa başladığı məlum olub. Bu isə pişiklərin ölümündən əvvəl zorakılığa məruz qaldığını göstərir. Alimlər onların ölümünün əsas səbəblərindən birinin baş nahiyəsinə endirilən zərbələr olduğunu ehtimal edirlər.

Tədqiqatçılar pişiklərin həddindən artıq sıx şəraitdə saxlanıldığını, bunun da heyvanlar arasında qarşıdurmalara səbəb ola biləcəyini bildirirlər. Araşdırmada ev pişikləri ilə yanaşı, bataqlıq pişiklərinin qalıqları da aşkar edilib.

Radiokarbon analizinə əsasən, yaşı müəyyənləşdirilən doqquz kəllədən səkkizi eramızdan əvvəl 380-40-cı illərə aiddir. Bu dövr Misirdə mumiyalanmış pişiklərə məbəd qurbanı kimi tələbatın xüsusilə artdığı mərhələ olub.