ABŞ əməliyyatı və Maduronun həbsində daxili xəyanət faktoru - Tural Abbaslı danışır
Venesuela mövzusunda yeganə bilinən nüans odur ki, ABŞ beynəlxalq hüququ nəzərə almadan, basqın edərək, quldurluq yolu ilə başqa bir dövlətin rəhbərini həbs edib.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında siyasi şərhçi Tural Abbaslı deyib.
Onun sözlərinə görə, prosesin gedişində Maduronu daxildən satan qüvvələrin olması ehtimalı yüksəkdir:
“Ən azından adicə hansısa iş adamını həbs edəndə və ya hansısa kiçik silahlı dəstənin rəhbərini həbs edəndə atışma, dirəniş olur. Burada isə görünən odur ki, Maduronun yaxın ətrafından – istər təhlükəsizlik sistemindən, istərsə də siyasi rəhbərlikdən ölkə başçısına xəyanət edənlər olub ki, bu həbs, saxlanılma və qaçırılma bu qədər rahat baş verib”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ rəsmiləri də etiraf edirlər ki, “biz Maduronun hər addımını izləyirdik, çünki hökumətin içərisində bizə yaxın adamlar var idi”. Bəzi versiyalara görə, hətta Maduronu öz təhlükəsizlik xidməti həbs edib və helikopterlə ABŞ-yə təhvil verib.
Tural Abbaslı qeyd edib ki, Maduronun həbsində xəyanət faktoru qaçılmazdır:
“Delta Force’ çox şişirdilir. Güya ki, bu xüsusi qüvvələr gedib əməliyyat ediblər. Maduroya qarşı nə əməliyyat olacaq ki? O, sivil adamdır – əsgər deyil, zabit deyil. Burada təbii ki, xəyanət var və xəyanət Maduronun komandasının daxilindəndir. Əlbəttə ki, ABŞ öz agentlərini ifşa etməyəcək. Amma onu da nəzərə alaq ki, xəyanət olmasa, 30 milyonluq xalqın prezidentini rahatlıqla oğurlamaq bu qədər asan ola bilməz. Xainliyi isə kimin araşdıracağı və bu adamların kimə görə xain olduqları isə sual altındadır”.
Ziyafət Əlisoy





