Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır
Dahilərdən biri deyirdi ki, torpağı əkib-becərənlər bəşər sivilizasiyasının baniləridir. Bu yüksək qiymət, əslində, bəşər övladına ünvanlanan mühüm bir çağırışdır. İnsan öz mayasının haradan yoğrulduğunu bilməli, kökünə, mənsub olduğu torpağa və milli-mənəvi dəyərlərinə heç vaxt biganə qalmamalıdır.
Bir düşünək: dünyaya göz açdığı gündən həddi-büluğa çatana qədər doğulduğu torpaqda böyüyən, həmin torpaqda ayaqyalın gəzən, burada həyatın mənasını, insanlığın dəyərini dərk edən, bu torpağın hər qarışını öz ömrünün ayrılmaz hissəsinə çevirən insan həqiqətən də bəxtiyar deyilmi?
Əgər belə olmasaydı, fikir babamız Həsən bəy Zərdabi xalqının xoşbəxt gələcəyini məhz ana torpağa bağlılıqda görməz, insanları torpağın qədrini bilməyə səsləməzdi. O, “Əkinçi” qəzetinin üçüncü sayında həmvətənlərinə müraciətlə yazırdı: “Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini onu dərk edənlər anlayar.”
Bu mənada torpağı xalqın yaddaşı, ata-baba ocağının nəfəsi hesab edən professor Cahangir Məmmədli yazır: “…Nə qədər ki, tarixin o uzaq nöqtəsindən üzü bəri gələn yolda kənd əhalisi say üstünlüyünü şəhərə verməmişdi, o qədər də dünya təmiz olub, yer-göy təmiz olub, süd elə süd tamında, gilas elə gilas tamında olub, bir təndirin çörək ətri bir mahala bəs eləyib, elə insanın özü də, gözü də, daxili də, sözü də saf olub, büllur olub.”
Demək ki, torpağa bağlı insan öz keçmişini bilmərrə unutmur, bu gününü dəyərləndirir, gələcəyini sağlam mənəvi əsaslar üzərində qurur. Çünki torpağın qədrini bilən insan Vətənin də qədrini bilir, Vətənini sevən insan isə xalqının və dövlətinin sabahını etibarlı əllərlə qorumağa qadir olur.
P.S. Başda Ustad müəllimimiz professor Cahangir Məmmədli olmaqla, bizlərə milli ruh aşılayan müəllimlərimizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, hər birinə uzun ömür, möhkəm cansağlığı, iş avandlığı arzulayıram…
Əsgər İsmayılov





