Məzmuna keç

Estoniyadan sonra bu ölkə də hərəkətə keçdi: Rusiya ilə sərhədi bağlayır

 

Latviya Rusiya ilə sərhəddə rejimin sərtləşdirilməsi və keçid məntəqələrinin bağlanması imkanlarını nəzərdən keçirir. Məsələnin gələn həftə hökumətin müzakirəsinə çıxarılması gözlənilir.

Bu barədə “Delfi” portalı məlumat yayıb.

Bildirilir ki, Latviyanın baş naziri Andris Kulberqs müvafiq qurumlara bu istiqamətdə razılaşdırılmış mövqe hazırlamaq tapşırığı verib. Daxili işlər naziri Yanis Dombrova da təşəbbüsü fəal şəkildə dəstəkləyərək sərhəd-keçid məntəqələrinin bağlanmasının tərəfdarı kimi çıxış edir.

Riqa hökumətinin sərhəd siyasətinə yenidən baxmasına səbəb olan əsas amillərdən biri Estoniyanın dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki bütün keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarıdır. Məhdudiyyətlər həm piyadaların, həm də avtomobillərin hərəkətinə şamil olunacaq.

Estoniya Xarici İşlər Nazirliyi bu qərarı “Threod Systems” müdafiə müəssisəsində baş vermiş yanğın törətmək cəhdi ilə əlaqələndirir. Tallinn hadisədə Moskvanı ittiham edir.

Latviya üçün isə bu qərarın əsas nəticələri logistika sahəsində özünü göstərə bilər. Dövlət Sərhəd Mühafizəsinin rəhbəri Guntis Puyats bildirib ki, Estoniyanın avtomobil keçid məntəqələrini bağlaması nəqliyyat axınının yenidən bölüşdürülməsinə səbəb olacaq.

Onun sözlərinə görə, avtomobillərin əhəmiyyətli hissəsi Latviya istiqamətindəki sərhəd-keçid məntəqələrinə yönələcək. Bu isə növbələrin uzanmasına, gözləmə müddətinin artmasına, eləcə də yükdaşımaların mövcud marşrutlarının pozulmasına gətirib çıxara bilər.