Gülüstan Əliyeva Daşkənddə beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Azərbaycanın tanınmış opera müğənnisi, Əməkdar artist Gülüstan Əliyeva beynəlxalq musiqi arenasında növbəti uğura imza atıb.
“Xəbərsiz” bildirir ki, sənətkar Özbəkistanın Daşkənd şəhərində keçirilən Ənənəvi Musiqi və Rəqs Beynəlxalq Şurasının (ICTMD) Türk xalqlarının araşdırmaları bölməsinin 10-cu beynəlxalq simpoziumunda Azərbaycan muğam məktəbinin inkişafı və tədrisində müəllim-şagird münasibətlərinə həsr olunmuş geniş elmi məruzə ilə çıxış edib.
Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülüstan Əliyeva türkdilli ölkələrin konservatoriyalarında muğamın tədrisi, pedaqoji yanaşmalar və milli ifaçılıq ənənələri barədə çıxışı ilə iştirakçıların böyük marağına səbəb olub. Onun Azərbaycan musiqi irsi, muğamın estetik-mənəvi dəyərləri və ifaçılıq məktəbi ilə bağlı fikirləri beynəlxalq auditoriya tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə müxtəlif ölkələrdən musiqişünaslar, alimlər, incəsənət xadimləri və tədqiqatçılar iştirak ediblər. Qonaqlar sırasında simpoziumun təşkilat komitəsinin sədri Abdullah Akat, Saşar Zərif, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, rektor və professor Kamilə Dadaşzadə, eləcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə yer alıblar.
Simpozium çərçivəsində təqdim olunan çıxışa görə Gülüstan Əliyeva ICTMD komitəsinin sədri Abdullah Akat tərəfindən xüsusi mədəniyyət sertifikatı ilə təltif olunub.









