“Qalatasaray” klubundan Viktor Osimhen barədə açıqlama verilib.
“Xəbərsiz” xəbər verir ki, klub nümayəndəsi Abdullah Kavukcu futbolçunun maaş almadığı üçün oynamaqdan imtina etməsi barədə iddialara cavab verib. Abdullah Kavukcu iddiaları təkzib edib. O, Osimhenin “Qalatasaray”a sadiq olduğunu ifadə edib. Abdullah Kavukcu Osimhenin “Əl-Hilal”ın 50 milyon avroluq təklifini rədd etdiyini xatırladaraq, “O, 3 illik müqavilədə ümumilikdə 150 milyon avroluq təklifi rədd etdi. Belə bir futbolçu maaş almadığı üçün oynamaqdan imtina edərdimi? Əgər “Qalatasaray” azarkeşlərinin bu qədər sevgisi və dəstəyi olmasaydı, Osimhen bu gün burada olmazdı, – deyə bildirib.
Qeyd edək ki, yerli mediada Viktor Osimhenin məvacib almadığı üçün oynamaqdan imtina etdiyi barədə iddialar dərc edilmişdi. “Qalatasaray” futbolçunun zədəli olduğunu və zədəsini sağaltdığını açıqlamışdı.

















