Qumar asılılığından necə xilas olmaq olar?
Son zamanlar asılılıqlarla bağlı psixoloqlara müraciətlərin sayı artmaqdadır. Burada ən çox müşahidə edilən isə qumar asılılığıdır. Gəlin, əvvəlcə qumar asılılığının nə olduğunu bilək – Qumar asılılığı insanın qumar oyunlarına artıq nəzarət edə bilməməsi, psixoloji pozuntudur.
Bu sözləri “Xəbərsiz”ə açıqlamasında psixoloq Aygün Ağabalayeva deyib.
Psixoloqun sözlərinə görə, hər hansı bir vərdiş asılılığa çevriləndə bəzən insanlar düşünürlər ki, mən özüm də bundan xilas olmağı bacararam, burada nə var ki!? İstər siqaret ,istər narkotik asılılığı olsun – insan düşünür ki, mən özümlə bacarıram və istədiyim zamanda bunu dayandıra bilərəm.
“Qumar asılılığı olan insanlar əgər bir dəfə qazanırlarsa, ondan sonra hər dəfə daha çox qazanmaq ümidi ilə oynayırlar. Bu isə asılılıq yaradır və onlar öz həyatlarını, dəyərlərini, ailələrini təhlükə altında qoyurlar. Elə ailələr var ki, qumar asılılığı səbəbindən dağılır. Qadın görür ki, yalanlar çoxalır, borclar çoxalır, bu insan asılıdır və ailə dağılır. Ana istəmir ki, övladı bu tip atadan nümunə götürsün”, – deyə o, əlavə edib.
Həmsöhbətimizin sözlərinə görə, psixoloqa müraciət edən pasiyentlərin çox az hallarda ailə dəstəyi olur. Bir çox hallarda xanımlar dözmürlər. Bu asılılıq insanın gündəlik normal həyatına təsir edən ciddi problemlərə gətirib çıxarır. Qumar asılılığı təkcə böyük maddi itkilərlə deyil, həm də bununla yanaşı ailə münasibətlərini və fərdin sosial mühitini təhlükə altına atır.
“Adətən qumar asılılığı ilk başlayanda insanlarda sadəcə bir həvəs kimi görünür. Amma zamanla daha çox qazanmaq üçün artıq insan aludəçi olur. Yeniyetmələr arasında mərc oyunlarına qadağalar qoyulsa da, yetəri qədər yeniyetmə müxtəlif üsullarla bu oyunların aludəçisinə çevrilir. Qumar asılılığından əziyyət çəkən insanlar zamanında mütəxəssislərə müraciət etməlidirlər. Əks təqdirdə bunun aradan qaldırılması çox çətin olacaq”, – psixoloq bildirib.
Ziyafət Əlisoy






