Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir. Noyabrın 25-də baş verən hücumlar nəticəsində Kiyev vilayətində və Xarkov ətrafında mülki şəxslər həlak olub, bir neçə nəfər yaralanıb. Odessa vilayətində də yaşayış və sənaye obyektləri Rusiya zərbələrinin hədəfinə çevrilib.
Rusiyanın Odessa vilayətinə hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Həlak olanlardan birinin 17 yaşlı yeniyetmə olduğu bildirilir. Hücum zamanı avtomobillərə, fərdi yaşayış evlərinə və sənaye obyektlərinə ziyan dəyib. Kiyevdə isə Rusiya dronunun qalıqları 16 mərtəbəli yaşayış binasına düşüb və binanın aşağı mərtəbələrində yanğın baş verib. İki nəfərə tibbi yardım göstərilib.
The Kyiv Independent nəşrinin məlumatına görə, Kiyev vilayətinin Bila Tserkva rayonuna edilən gecə hücumu nəticəsində bir nəfər ölüb. Rusiya dronlarının zərbələri nəticəsində kommersiya obyektlərində yanğın baş verib, yük avtomobilləri və müəssisələrə ziyan dəyib.
Xarkov vilayətində də mülki əhaliyə qarşı hücum qeydə alınıb. Ukrayna hakimiyyətinin açıqlamasına görə, Çuquyev rayonunda sərnişin mikroavtobusu Rusiya dronunun hücumuna məruz qalıb. Hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Associated Press-in məlumatına görə, Zaporojye şəhərinə əvvəlki gecə endirilən Rusiya aviasiya zərbələri nəticəsində iki mülki şəxs ölüb, 48 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var. Hücum zamanı fərdi yaşayış evi dağılıb, beşmərtəbəli binaya ciddi ziyan dəyib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, cəbhə xəttində də döyüşlər intensiv olaraq qalır. Ukrayna hərbi mənbələrinin məlumatına görə, noyabrın 24-də müxtəlif istiqamətlərdə 203 hərbi toqquşma qeydə alınıb. Ən ağır döyüşlərin Pokrovsk istiqamətində baş verdiyi bildirilir.
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə dron və aviasiya zərbələri, xüsusilə yaşayış məntəqələri və mülki infrastruktur üçün təhlükəni artırır.










