Yalçın Səlimovun xatirəsinə həsr olunan "Müşahidə" filmi təqdim olundu
İstedadlı aktyor, mərhum Yalçın Səlimovun əziz xatirəsinə ithaf edilən “Müşahidə” sənədli filmi tamaşaçılara təqdim edilib. Ekran işi Sumqayıt Dövlət Dram Teatrının yaradıcılıq dünyasına fərqli rakursdan baxış təqdim edir.
Mayın 5-də keçirilən təqdimat mərasimi həm teatrın kollektivi, həm də sənətsevərlərin böyük marağına səbəb olub. Film boyu izləyicilər səhnənin arxa planında baş verən prosesləri, teatrın daxili mühitini və yaradıcı axtarışlarını yaxından müşahidə etmək imkanı qazanıblar.
Layihə Sumqayıt Dövlət Dram Teatrı ilə Etalon platformasının əməkdaşlığı çərçivəsində hazırlanıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur.
Nümayişdən sonra Sumqayıt Dövlət Dram Teatrı Yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov və yaradıcı heyət səhnəyə dəvət olunaraq film haqqında fikirlərini bildiriblər. Rejissor Xəyalə Pircanova çıxışında layihənin işıq üzü görməsində göstərilən dəstəyə görə teatrın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.






