Haitidə silahlı qruplaşmanın hücumu nəticəsində azı 47 nəfər ölüb, daha 50-dən çox insan isə oğurlanıb.
Bu barədə “Associated Press” BMT-yə istinadla məlumat yayıb.
Hücum bazar günü ölkənin paytaxtı Port-o-Prensdən yuxarıda yerləşən dağlıq ərazidəki, əvvəllər nisbətən sakit bölgə olan Kenskofta baş verib.
BMT-nin məlumatına görə, ölənlər arasında azı beş uşaq var. Silahlılar həmçinin təxminən 25 evi yandırıblar. Kenskofta şəhərinin meri Jan Masiyon bildirib ki, ölənlər arasında dövlət qurumlarının iki əməkdaşı, o cümlədən mühafizə xidmətində çalışan əmisi oğlu da var.
Bu hücum son illərdə Haitidə həyata keçirilən ən kütləvi insan oğurluğu hadisəsi olub. Qruplaşmanın liderlərindən biri təhlükəsizlik qüvvələrinin bölgə üzərində nəzarəti bərpa etmək məqsədilə əməliyyata başlaması halında girovları öldürməklə hədələyib.
Sosial şəbəkələrdə yayılan videoda özünü “İzo 2” kimi təqdim edən şəxs Haiti Milli Polisinin direktoru Vladimir Paraizoya silahlı qruplaşmalara qarşı pilotsuz uçuş aparatlarından istifadə etməməsi barədə xəbərdarlıq edib. Mütəşəkkil cinayətkarlıq üzrə ekspert Romen Le Kurun sözlərinə görə, “İzo 2” kimi tanınan və Didi ləqəbli şəxs Haitinin ən nüfuzlu qruplaşma liderlərindən biri olan İzonun, yəni Conson Andrenin adından Kenskoftakı qruplaşmaya rəhbərlik edir.
Ekspert bu vəziyyəti hökumət, polis və silahlı qruplaşmalara qarşı mübarizə aparan beynəlxalq missiya üçün ciddi sınaq adlandırıb. Onun sözlərinə görə, girovlarla haqq-hesab çəkmək təhdidi hakimiyyəti çətin seçim qarşısında qoyur: hərəkətsizlik insanların müdafiəsinin mümkünsüzlüyü demək olacaq, girovlar arasında mümkün itkilərlə nəticələnəcək güc tətbiqi isə silahlı qruplaşmalara bunun məsuliyyətini dövlətin üzərinə atmaq imkanı verəcək.
Hücumun məqsədi polis və beynəlxalq qüvvələri onsuz da məhdud olan resurslarını yenidən bölüşdürməyə məcbur etməkdir. Bundan əlavə, Le Kurun sözlərinə görə, silahlı qruplaşmalar bununla hökumətə və polisə istənilən seçdikləri bölgəyə hücum edə bildiklərini və hakimiyyətin təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə bağlı açıqlamalarına məhəl qoymadıqlarını göstərirlər.
Kenskofta 2025-ci ilin əvvəlindən etibarən hücumlara məruz qalırdı. Lakin bazar günü baş verən hücum ölkə tarixində ən böyük hücum olub. Silahlı qruplaşmalar Port-o-Prensin təxminən 70 faizinə, həmçinin Haitinin mərkəzi hissəsində və ondan kənarda yerləşən geniş ərazilərə nəzarət edirlər.
Davamlı zorakılıqlar şəraitində ölkə dekabrın 13-nə təyin edilmiş ümumxalq seçkilərinə hazırlaşır. Bu seçkilər son 10 ildən artıq müddətdə keçiriləcək ilk ümumxalq seçkilər olacaq. Təkcə yanvar-iyun aylarında Haitidə 3100-dən çox insan öldürülüb, 1189 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Gərgin vəziyyət səbəbindən təxminən 1,5 milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb.





