ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən məşhur Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin sökülməsi gündəmə gəlib.
ABŞ Ədliyyə Nazirliyinin hüquqşünasları federal məhkəməyə bildiriblər ki, genişmiqyaslı rekonstruksiya aparılmasa, binanın vəziyyəti daha da pisləşəcək və gələcəkdə onun sökülməsi zərurəti yarana bilər. Məhkəməyə təqdim olunan sənədlərdə mərkəz konstruktiv baxımdan etibarsız və təhlükəli bina kimi xarakterizə edilib.
ABŞ administrasiyası kompleksin xilas edilməsi üçün prezident Donald Trampın daşınmaz əmlak sahəsindəki təcrübəsindən və maliyyə cəlb etmək imkanlarından istifadə edilməsinin vacib olduğunu bildirib. Konqres artıq təmir işləri üçün təxminən 257 milyon dollar ayırıb.
Hazırkı rekonstruksiya planında binanın tamamilə sökülməsi nəzərdə tutulmur. Mərkəzin rəhbərliyi də məhkəmədə mövcud binanın qorunmasının planlaşdırıldığını açıqlayıb.
Məsələ eyni zamanda Trampın adının Kennedi Mərkəzi ilə əlaqələndirilməsi cəhdləri fonunda gündəmə gəlib. May ayında məhkəmə qərar verib ki, müəssisə qanunla Con Kennedinin adını daşıyır və Konqresin qərarı olmadan onun adının dəyişdirilməsi mümkün deyil. Bundan sonra Trampın adı binanın fasadından götürülüb.
Bununla belə, mərkəzin rəhbərliyi binada “Prezident Donald Tramp tərəfindən bərpa edilmiş və təmir edilmişdir” yazısının yerləşdirilməsini, həmçinin ətraf ərazinin onun adını daşımasını təklif edir. Təşəbbüsün əleyhdarları isə bunun qarşısını almaq üçün yenidən məhkəməyə müraciət ediblər.





