Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Tovuzda müəllim dərs bölgüsündən narazıdır: “Sinifimi əlimdən alıb…”

Reklam728 × 90

Tovuz rayonunda ibtidai sinif müəllimi dərs bölgüsü zamanı sertifikasiya balının və iş yükünün nəzərə alınmadığını iddia edir. Müəllim məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirir.

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Umudova Aynurə Fərman qızı məsələ ilə bağlı müraciətində bildirib ki, növbəti tədris ilində iki dördüncü sinif birləşdirilib və nəticədə 25 şagirddən ibarət sinif formalaşdırılıb. Onun sözlərinə görə, həmin sinfin əvvəlki sinif müəllimi özü olub.

Müəllim iddia edir ki, siniflərin birləşdirilməsindən sonra həmin sinif sertifikasiya balı daha aşağı olan digər müəllimə – Niyazova İlhamə Məhərrəm qızına verilib.

Umudova Aynurə Fərman qızı müraciətində qeyd edib ki, onun sertifikasiya balı 41, digər müəllimin balı isə 37-dir. O, məktəb rəhbərliyinin isə sertifikasiya balının dərs bölgüsündə əhəmiyyət kəsb etmədiyini və qərarın “yuxarıdan verilən göstəriş” əsasında qəbul edildiyini bildirdiyini yazıb.

Müəllimin sözlərinə görə, məsələ ilə bağlı Regional Təhsil İdarəsinə də müraciət edib, lakin qəbul üçün qeydiyyata alınmayıb.

Umudova, həmçinin bu il dərs saatlarının bölgüsündə də fərq olduğunu iddia edir. Onun sözlərinə görə, sertifikasiya balı 37 olan müəllimə 27 saat, 41 bal toplayan özünə isə 15 saat dərs yükü verilib.

Müəllim müraciətində bildirir ki, onun üçün bir dördüncü sinif və bir hazırlıq qrupunun nəzərdə tutulmasına baxmayaraq, hər iki iş yükü əlindən alınıb və əvəzində ona birinci sinif verilib.

Umudova Aynurə Fərman qızı dərs bölgüsündə bu cür yanaşmanın şübhəli məqamlar yaratdığını qeyd edərək, məsələnin araşdırılmasını və hüquqlarının təmin olunmasına köməklik göstərilməsini xahiş edib.

O, həmçinin müraciətində məktəbin təklifini qəbul etmədiyi təqdirdə işdən azad edilməklə hədələndiyini iddia edib.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

 

Reklam728 × 90