Ötən gün sosial şəbəkələrdə qarşıma bir foto çıxdı – Bakıdakı 18 nömrəli tam orta məktəbin 7Z sinfinin dərs cədvəli…
Valideyn haqlı olaraq fəryad edir ki, övladım səhər 08:00-dan 15:45-ə qədər məktəbdə olur.
Rəqəmləri toplayanda mənzərə daha da vahiməli görünür: 7-ci sinif şagirdinin həftəlik dərs yükü tam 37 saata çatdırılıb. Halbuki qüvvədə olan normativlərə görə, 5–11-ci siniflər üçün həftəlik yuxarı hədd 31 saat, gündəlik dərs sayı isə maksimum 6–7 olmalıdır.
Biz təhsilin əleyhinə deyilik. Amma cəmiyyətdə kök salmış o ibtidai insan xas yanaşmanın əleyhinəyik: “Nə qədər çox dərs, o qədər çox bilik”. Xeyr! Qanunların, qaydaların və sanitariya normativlərinin tapdalandığı yerdə bilik yox, sadəcə fiziki və psixi aşınma olur.
Böyüklər üçün 8 saatlıq iş günü ağır sayıldığı halda, 13 yaşlı uşağa 8 saat dərs yazmaq nə dərəcədə məntiqə sığır? Gününün 8 saatını məktəbdə, 2-3 saatını şəhər tıxacında, qalan vaxtını da ev tapşırıqlarının altında keçirən məktəblidən nə gözləyə bilərik? Zombi yetişdiririk, yoxsa insan?
Bizim rahatlıq anlayışımız tində oturub söhbət etməyə köklənmək deyil. Yaxud da telefonu qarşımıza qoyub makiyaj videosu çəkməyi nəzərdə tutmuruq. Heç məktəbdə elektron siqaret çəkmək də bizim normalarımıza uyğun gəlmir. Həyat təkcə dərsliklərin səhifələrindən ibarət deyil. Məktəbli həyatının ən gözəl çağlarını dörd divar arasında, mənimsəmədiyi informasiya axınının altında keçirirsə, sabah həyatı anlamayan, emosional olaraq tükənmiş bir nəsillə baş-başa qalacağıq…
Elm və Təhsil Nazirliyi bu cədvəlləri tərtib edənlərdən hesabat tələb etməlidir. Çünki məsələ sadəcə bir məktəbin cədvəli deyil, gələcəyimizin hansı psixologiya ilə böyüməsidir. Uşaqların beynini lüzumsuz saatlarla doldurmaqla təhsil keyfiyyəti yaratmaq olmaz.
Cənablar, keyfiyyətli təhsil istəyirsinizsə, saatları yox, təhsilə yanaşmanızı dəyişməlisiniz!
Ziyafət Əlisoy






