Tramp administrasiyası Qrenlandiya ilə bağlı saziş hazırlayır - "Economist"
Britaniyanın “The Economist” jurnalının məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiya üçün ada hakimiyyətinə təklif edilə biləcək bir saziş layihəsi üzərində işləyir.
“Xəbərsiz” bildirir ki, qəzetin yazdığına görə, ABŞ rəsmiləri Qrenlandiyaya ada əhalisinin həyat səviyyəsini yaxşılaşdıracaq “Azad Assosiasiya Sazişi” təklif etməyi düşünürlər. Hazırda ABŞ-nin Sakit okeanın kiçik dövlətləri olan Mikroneziya, Marşal Adaları və Palau ilə oxşar müqavilələri var. Bu müqavilələrə əsasən, ABŞ bu ölkələrə maliyyə dəstəyini təmin edir və sonuncular öz növbəsində daxili özünüidarəetməni qoruyub saxlayarkən müdafiə məsuliyyətini Vaşinqtona həvalə edir.
“The Economist” jurnalı qeyd edib ki, Tramp administrasiyasının Qrenlandiyaya qarşı siyasəti hazırda iki məqsəd güdür. Birincisi, Vaşinqton Danimarka və Qrenlandiya hakimiyyəti arasındakı fikir ayrılıqlarını dərinləşdirmək və adada separatçı əhval-ruhiyyənin artmasına səbəb olmaq istəyir. İkincisi, ABŞ Danimarka hökumətini keçərək Qrenlandiya hakimiyyəti ilə razılaşma əldə etməyə çalışır. Eyni zamanda, jurnal adanın “birbaşa ilhaq edilməsi” perspektivini qeyri-mümkün hesab edir. Jurnal əlavə edib ki, ABŞ-nin ambisiyaları Avropa ölkələri liderləri arasında panikaya səbəb olub.
Xəbərsiz





