Xəbər verdiyimiz kimi, Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
“Xəbərsiz” yeni nazirin dosyesini təqdim edir:
Rəşad Sahil oğlu İsmayılov 27 avqust 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Rəşad İsmayılov əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. Sonrakı illərdə müxtəlif dövlət və özəl qurumlarda hüquqşünas və hüquq üzrə rəhbər vəzifələrdə çalışıb. O, 2005–2006-cı illərdə “Star LTD” MMC-də, 2006-cı ildə Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında fəaliyyət göstərib.
2006–2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquq məsləhətçisi və böyük hüquq məsləhətçisi vəzifələrində işləyib. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində böyük hüquq məsləhətçisi olub.
2010–2016-cı illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif hüquqi vəzifələrdə — hüquqşünas, baş məsləhətçi və sektor müdiri kimi çalışıb.
2016–2018-ci illərdə Prezident yanında Mənzil İnşaat Agentliyində Hüquq və nəzarət şöbəsinin müdir müavini və şöbə müdiri olub. 2018–2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifəsini icra edib.
2019–2024-cü illərdə həmin Komitədə Aparat rəhbəri kimi fəaliyyət göstərib. Prezidentin 15 avqust 2024-cü il tarixli, 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunmuşdu.
Hazırkı Sərəncamla Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri vəzifəsinə gətirilib.
Ziyafət Əlisoy

















