Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL
Tarix boyu bəşəriyyət müxtəlif siyasi nəzəriyyələrə, beynəlxalq müqavilələrə və yüksək ideallara böyük ümidlər bəsləmişdir. Müxtəlif adlarla səsləndirilən beynəlxalq sülh müqavilələri bağlanmışdır.
Il Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı ( BMT ) yaradılmışdır. ‘Soyuq müharibənin” başa çatmasından sonra elan olunan yeni dünya nizamına qədər hər bir dövr ; insanlara daha ədalətli və təhlükəsiz gələcək vəd etmişdir.
Lakin zaman keçdikcə yalnız bir həqiqət dəyişməz qalmışdır : “Dövlətlərarası münasibətlərdə əsas söz sahibi güc amilidir !’
Dəyərlər, demokratiya, insan hüquqları, beynəlxalq hüquq və kollektiv təhlükəsizlik haqqında çox danışılır. Ancaq dünya siyasətinin reallıqları göstərir ki, böyük dövlətlər əksər hallarda bu prinsipləri öz milli maraqları prizmasından qiymətləndirirlər. Əksər hallarda eyni hadisə bir ölkə üçün demokratiyanın təntənəsi ; digər ölkə üçün isə qanun pozuntusu kimi təqdim edilə bilir. Eyni prinsip bir yerdə müdafiə olunur ; başqa yerdə isə görməzdən gəlinir.
Bu reallıq , acı olsa da — beynəlxalq münasibətlərin dəyişməyən qanunudur.
Məhz buna görə müstəqilliyini qorumaq istəyən hər bir dövlət ilk növbədə öz daxili gücünə arxalanmalıdır.
Tarix göstərir ki, heç bir böyük dövlət başqa xalqın maraqlarını öz maraqlarından üstün tutmur. Müttəfiqlər dəyişə bilər, tərəfdaşlar dəyişə bilər, beynəlxalq şərait dəyişə bilər, lakin milli maraqlar dəyişmir. Dövlətlərin dostları deyil ; maraqları olur.
Son onilliklər ərzində Azərbaycanın keçdiyi yol bu həqiqətin ən parlaq nümunələrindən biridir.
Müstəqilliyinin ilk illərində ağır hərbi məğlubiyyətlər, iqtisadi çətinliklər və siyasi qeyri-sabitlik yaşayan Azərbaycan ; böyük tarixi şəxsiyyət Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə dönüşündən sonra zamanın çağırışlarını düzgün qiymətləndirə bildi.
Ölkə öz gələcəyini xarici himayədarların vədləri üzərində deyil ; daxili imkanlarının inkişafı üzərində qurdu.
Bu prosesi prezident İlham Əliyev uğurla davam etdirdi. İqtisadi potensial gücləndirildi, enerji resursları milli inkişafın xidmətinə yönəldildi, müasir və peşəkar ordu formalaşdırıldı, beynəlxalq mövqelər möhkəmləndirildi, dövlətçilik institutları inkişaf etdirildi.
Nəticədə Azərbaycan 2020-ci ildə ll Qarabağ müharibəsi zamanı — arxasında böyük güclər dayanan Ermənistanı məğlub edərək öz torpaqlarını işğaldan azad etdi. Azad olunmuş ərazilərdə ” Böyük Qayıdış Proqramını ” həyata keçirməyə başladı.
Bununla da Azərbaycan təkcə öz suverenliyini qoruyan deyil ; həm də regionda söz sahibi olan dövlətə çevrildi.
Bu təcrübə bütün kiçik və orta dövlətlər üçün mühüm dərsdir.
Müasir dünyada müstəqillik yalnız hüquqi anlayış deyil. Müstəqillik hər gün qorunmalı olan milli sərvətdir. Onun qorunmasının əsas şərti isə gücdür.
Lakin güc anlayışı yalnız hərbi qüdrətlə məhdudlaşmır.
Əsl müstəqil dövlətlərin bünövrəsini, özəyini və sütunlarını üç əsas amil təşkil edir :
Birincisi, güclü iqtisadiyyatdır. İqtisadi cəhətdən zəif dövlət — siyasi qərarlarında asılı vəziyyətə düşür. Güclü iqtisadiyyat dövlətin təhlükəsizliyinin, sosial rifahının və beynəlxalq nüfuzunun əsas mənbəyidir.
İkincisi, dövrünün ən müasir texnologiyaları ilə təchiz olunmuş güclü ordudur. Tarix sübut edir ki, dövlətin təhlükəsizliyi yalnız bəyanatlarla deyil, onun özünü müdafiə etmək qabiliyyəti ilə təmin olunur. Güclü ordu sülhün ən etibarlı təminatlarından biridir.
Üçüncüsü və ən vacibi insan kapitalıdır. Milli ruhun, milli kimliyin, vətənpərvərliyin, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin daşıyıcısı məhz insandır. Təhsilli, peşəkar, milli maraqlara bağlı vətəndaşlar olmadan nə güclü iqtisadiyyat, nə də güclü ordu yaratmaq mümkündür.
Min illər keçsə də bu həqiqət dəyişməyəcəkdir.
Dövlətlərin sərhədləri dəyişə bilər, texnologiyalar yenilənə bilər, beynəlxalq sistemlər yenidən qurula bilər. Lakin müstəqilliyin qorunmasının əsas formulu eyni qalacaq : güclü iqtisadiyyat, güclü ordu və güclü insan !
Bu gün dünya yeni geosiyasi qarşıdurmalar dövrünə daxil olur. Beynəlxalq hüququn selektiv tətbiq olunduğu, qlobal rəqabətin sərtləşdiyi, təhlükəsizlik risklərinin artdığı bir şəraitdə hər bir xalq öz taleyinin məsuliyyətini özü daşımalıdır.
Çünki tarix bir daha sübut edir ki, haqlı olanlar deyil, öz haqqını qorumağa qadir olanlar qalib gəlirlər.
Məhz buna görə güclü olmalıyıq.
Gələcəyimizi qorumaq üçün güclü olmalıyıq.
Müstəqilliyimizi qorumaq üçün güclü olmalıyıq.
Milli maraqlarımızı müdafiə etmək üçün güclü olmalıyıq.
Və nəhayət, gələcək nəsillərə azad, təhlükəsiz və qüdrətli dövlət miras qoymaq üçün güclü olmalıyıq.
Çünki müasir dünyanın ən böyük dərsi budur : öz gücünə arxalanan dövlət yaşayır, başqalarının gücünə arxalanan dövlət isə daim risk altında qalır.
Müəllif : Qəvami Sadıqbəyli





